Вернуться назад Распечатать

Xuraman Muradova: Xocalı soyqırımı bütövlükdə insanlığa qarşı törədilmiş ən ağır cinayətdir

 

  • 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalı şəhəri Ermənistan silahlı qüvvələri tərəfindən işğal edildi və Azərbaycan tarixin ən dəhşətli faciələrindən birinə şahid oldu. Bu qanlı gecə yalnız bir şəhərin yox, bütün Azərbaycan xalqının və insanlığın yaddaşında unudulmaz iz buraxdı.

1xeber.media xəbər verir ki,bu fikirləri Xocalı soyqırımı qurbanlarının anım günündə AZƏRTAC-a açıqlamasında Azərbaycan, Türkiyə, Özbəkistan Yazıçılar birliklərinin üzvü, Türk Dünyası Qadın Şairlər Birliyinin başqanı, Əlişir Nəvai adına Özbəkistan Dövlət Universitetinin fəxri professoru Xuraman Muradova bildirib.

O qeyd edib ki, Azərbaycan xalqı uzun illər boyunca etnik təmizləmə və zorakılıq siyasətinə məruz qalıb. 1988-ci ildə Ermənistanda yaşayan 250 mindən çox azərbaycanlı öz tarixi torpaqlarından zorla qovulub, yaşadıqları ərazilər etnik təmizləməyə məruz qalıb. Xocalı faciəsi isə bu siyasətin ən dəhşətli nəticəsi və Qarabağ müharibəsinin qanlı səhifələrindən biridir.

“Azərbaycan Müstəqillik Aktını 1991-ci ilin oktyabrında qəbul edərək sovet əsarətinə son qoydu. Lakin bu, bölgədə güc balansını dəyişdirdi və Ermənistanın işğalçılıq siyasətinə dəstək verən xarici təsirlər nəticəsində Xocalı faciəsi baş verdi. O gecə Azərbaycan xalqının tarixi, ərazi bütövlüyü və vətəndaşlarının həyatı hədəfə alındı. Xocalı yalnız Azərbaycan xalqının deyil, beynəlxalq ictimaiyyətin də yaddaşında unudulmaz iz buraxdı. Bu faciə, həm də 20 Yanvar qətliamının davamı kimi qiymətləndirilir və Qafqazda beynəlxalq hüququn pozulmasının simvolu olaraq tarixdə qalır.

Azərbaycan xalqı öz haqqını bərpa etmək və işğal altında olan doğma torpaqlarını azad etmək məqsədilə dəmir yumruq kimi birləşdi. 2020-ci ilin 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusu Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Xocalı faciəsi qurbanlarının qisasını aldı. 2023-cü ilin sentyabrında isə Azərbaycan Ordusu Xocalı şəhərini separatçılardan azad etdi, Azərbaycan bayrağı işğaldan azad edilən torpaqlarda ucaldıldı və xalqın haqqı bərpa olundu”,- deyə tanınmış şair deyib.

Xuraman Muradova diqqətə çatdırıb ki, Milli Məclis 1994-cü ildə Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə “Xocalı soyqırımı günü haqqında” qərar qəbul etdi. 1997-ci ildən etibarən hər il fevralın 26-sı saat 17:00-da sükut dəqiqəsi ilə Xocalı qurbanları yad edilir. “Ana harayı” abidəsi önündə keçirilən anım mərasimləri, bu faciənin milli yaddaşımızda əbədi yaşayacağının nümunəsidir.

Onun sözlərinə görə, Xocalı faciəsi beynəlxalq səviyyədə də tanınır. ABŞ-ın 30-dan çox ştatı, Bosniya və Herseqovina, Kolumbiya, Çex Respublikası, Pakistan, Meksika, Panama və digər ölkələrin parlamentləri faciəni soyqırımı aktı kimi qəbul edib. Avropa İnsan Hüquqları Məhkəməsi 2010-cu ildə qəbul etdiyi qərarında Xocalının azərbaycanlı mülki əhalisinin öldürülməsini “müharibə cinayətləri və ya insanlığa qarşı cinayətlər kimi qiymətləndirilə bilən xüsusilə ağır əməllər” kimi dəyərləndirib.

“Xocalı faciəsi tariximizin qan yaddaşıdır və bu faciənin qurbanları heç zaman unudulmayacaq. Bu faciə xalqımızın iradəsinin, milli birliyinin və haqq yolunda mübarizəsinin simvoludur. Xocalı bizə xatırladır ki, tarix unudulmaq üçün deyil, öyrənmək, yadda saxlamaq və ədalətin bərpa olunmasının vacibliyini gələcək nəsillərə çatdırmaq üçün mövcuddur", - deyə Xuraman Muradova fikirlərini yekunlaşdırıb.