Politoloq: “Hazırkı mərhələdə hadisələrin hansı istiqamətdə inkişaf edəcəyini qəti şəkildə söyləmək mümkün deyil”
İsrail və ABŞ İran ərazisinə zərbələr endirməkdə davam edir. Bəs qarşıdurma nə qədər davam edə bilər?
Mövzu ilə bağlı politoloq Elxan Şahinoğlu Musavat.com-a danışıb: “Həftələrdir ki, Amerika Birləşmiş Ştatları-nın İran-a zərbə endirəcəyi gözlənilirdi. Lakin ilk hərbi addım İsrail tərəfindən atıldı və İran ərazisinə zərbələr endirildi. Bu addımın strateji mahiyyət daşıdığı ehtimal olunur. Çünki yaxşı bilinirdi ki, əgər ABŞ–İran müharibəsi başlasa, İranın birinci hədəfi məhz İsrail olacaq. İranın arsenalında olan ballistik raketlərin uçuş məsafəsi ABŞ ərazisinə birbaşa ciddi zərər vurmaq üçün yetərli deyil, eyni zamanda açıq mənbələrdə qeyd olunur ki, ABŞ-ın uzaq məsafədə yerləşən obyektləri və gəmiləri birbaşa risk altında olmayacaqdı.
Lakin İran rəsmiləri dəfələrlə bəyan etmişdilər ki, əgər ABŞ İrana hücum edərsə, Tehran ilk növbədə İsraili vuracaq. Məhz buna görə də İsrail gözləmədən qabaqlayıcı zərbələr endirməyi üstün tutdu. Bu addımın digər strateji tərəfi də var. İsrail tərəfi ehtiyat edirdi ki, Vaşinqton Tehranla uran məsələsində müəyyən razılaşmaya gedə bilər. Bu isə İsrailin maraqlarına uyğun deyil. Çünki İsrail yalnız uranın zənginləşdirilməsi məsələsinin deyil, eyni zamanda digər iki əsas tələbin də yerinə yetirilməsini istəyirdi”.
Politoloq deyib ki. Donald Trumpın İranla bağlı irəli sürdüyü üç əsas tələb var idi: Uranın zənginləşdirilməsinin tam dayandırılması və zənginləşdirilmiş uranın üçüncü ölkəyə verilməsi; ballistik raket istehsalının azaldılması və uzaqmənzilli ballistik raketlərdən imtina edilməsi; İranın proksi qüvvələrə – o cümlədən HƏMAS və Hizbullah kimi qruplara dəstəkdən imtina etməsi.
Lakin danışıqlar prosesində amerikalı və iranlı diplomatlar əsasən uranın zənginləşdirilməsi ətrafında fikir mübadiləsi aparırdılar. Bu isə İsrail hökumətində və baş nazir Benjamın Netanyahu-da narahatlıq yaradırdı ki, ABŞ və İran müəyyən anlaşmaya gələ, lakin İsrailin təhlükəsizliklə bağlı digər tələbləri nəzərə alınmaya bilər. Bu baxımdan İsrailin zərbələri həm də ABŞ–İran danışıqlarını pozmaq və Vaşinqtonu fakt qarşısında qoymaq məqsədi daşıya bilər. ABŞ-ın belə vəziyyətdə İsraillə birlikdə hərbi əməliyyatları davam etdirməkdən başqa seçiminin qalmayacağı ehtimalı irəli sürülür. Burada əsas sual isə budur: bu zərbələrdən sonra İsrail və İranın məqsədi nə olacaq? Ötən dəfə də qarşılıqlı zərbələr olmuşdu, lakin sonradan İranın uranın zənginləşdirilməsi prosesini davam etdirmək niyyətində olduğu ortaya çıxmışdı”.
“Bəs bu dəfə ssenari necə inkişaf edəcək” sualına politoloq belə cavab verib: “ABŞ və İsrailin ortaq planı nə ola bilər? Məqsəd İran rejimini dəyişmək, onu zəiflətmək və ya Venesuela modelində olduğu kimi rəhbərliyi neytrallaşdıraraq daha “sözəbaxan” hakimiyyət formalaşdırmaqdırmı? Yoxsa daha radikal ssenari-İranın parçalanması? Aydındır ki, ABŞ üçün ən optimal variant Venesuela modelinə bənzər ssenaridir: İran rəhbərliyindəki əsas fiqurların neytrallaşdırılması və yeni rəhbərliyin ABŞ və İsrailin şərtlərini qəbul etməsi. Lakin bunu proqnozlaşdırmaq çətindir. Çünki İranda mühafizəkar qüvvələrin təsiri böyükdür və onların müharibə şəraitində necə qərar verəcəklərini öncədən demək mümkün deyil.
İran mühafizəkarları çalışa bilərlər ki, cəmiyyəti “ümumi düşmənə” qarşı birləşdirsinlər. Oxşar vəziyyət 1980-ci illərdə İran–İraq müharibəsi zamanı yaşanmışdı. 1979-cu il İslam inqilabından sonra hakimiyyətə gələn dini rəhbərlik ilk mərhələdə tam möhkəmlənməmişdi. Lakin bir il sonra başlayan müharibə onlara həm daxili müxalifəti neytrallaşdırmaq, həm də cəmiyyəti vahid təhlükə ətrafında səfərbər etmək imkanı verdi. İndi də İran mühafizəkarları oxşar siyasət yürütməyə cəhd göstərə bilərlər. Lakin bunun baş tutub-tutmayacağını demək çətindir. Çünki son illərdə İranda etiraz dalğaları baş vermiş, hakimiyyət isə bu etirazları sərt üsullarla yatırmışdı. Digər ehtimal ondan ibarətdir ki, ABŞ və İsrail əvvəlcə İranın hərbi obyektlərinə zərbələr endirəcək, ardınca ölkə daxilində sosial narazılığın artacağını gözləyəcək. Cəmiyyətin bir hissəsinin yenidən etirazlara qalxması və rejim dəyişikliyi tələbi irəli sürməsi ssenarisi istisna edilmir. Bu isə ölkə daxilində xaos riskini artıra bilər.
Qonşu dövlətlər – Türkiyə və Azərbaycan – bu müharibənin baş verməsində maraqlı deyillər. Lakin onların istəyindən asılı olmayaraq, qarşıdurma uzanarsa, hər iki ölkə müxtəlif ssenarilərə hazır olmalıdır. Uzunmüddətli müharibə humanitar böhran yarada bilər. İranda yaşayan milyonlarla azərbaycanlı soydaşımız çətin vəziyyətlə üzləşə bilər və bu halda Azərbaycan humanitar və siyasi baxımdan ciddi çağırışlarla qarşılaşa bilər. Hazırkı mərhələdə hadisələrin hansı istiqamətdə inkişaf edəcəyini qəti şəkildə söyləmək mümkün deyil. Lakin aydındır ki, proses yalnız iki ölkə arasındakı qarşıdurma deyil, bütövlükdə regionun təhlükəsizlik arxitekturasını dəyişə biləcək potensiala malikdir"