Вернуться назад Распечатать

Azərbaycanın enerji diplomatiyasının uğurları davamlılığı ilə diqqətdədir

 

Azərbaycanın bu sahədə qazandığı möhtəşəm uğurları təsəvvürə gətirmək üçün ölkəmizin
iqtisadi və siyasi mövqeyinin möhkəmləndirilməsində əhəmiyyətli rol oynayan  “Əsrin müqaviləsi”nin
imzalandığı 1994-cü ildən bugünədək Azərbaycanın enerji sektorunda qazandığı  uğurların
xronologiyasına diqqət yetirmək kifayətdir. “Əsrin müqaviləsi”nin imzalanmasından sonra Azəraycanın
beynəlxalq aktorlarla əməkdaşlığının coğrafiyası genişləndi. Ümummilli Lider Heydər Əliyevin müəllifi
olduğu  neft strategiyasının əsas tərkib hissəsi olan Bakı-Tbilisi-Ceyhan neft və Bakı-Tbilisi-Ərzurum
qaz layihlələrinin uğurlu icrası ilə  regional inkişafın aparıcı qüvvəsinə çevrilən Azərbaycan  2014-cü
ildə  çoxtərəfli əməkdaşlığın başlanğıcı olan Cənub Qaz Dəhlizinin təməlinin qoyulması ilə  etibarlı
tərəfdaş kimi mövqeyinin möhkəmləndiyini bir daha nümayiş etdirdi. 2018-ci ilin may ayında Cənub
Qaz Dəhlizinin rəsmi açılışı oldu, həmin ilin iyununda  bu layihənin əsas tərkib hissələrindən olan
TANAP, 2020-ci ilin dekabrında isə TAP istifadəyə verildi.  2017-ci ildə “Yeni əsrin müqaviləsi”nin
imzalanması Azərbaycanın enerji sektorunun aydın gələcəyinin təqdimatı oldu.
Cənub Qaz Dəhlizi Məşvərət Şurasının hər il ənənəvi olaraq keçirilən iclasları ölkəmizin bu
sahədə qazandığı uğurlara baxış əsasında qarşıdakı dövrün prioritetlərinin müəyyənləşdirilməsində öz
sözünü deyir. Dünyanın enerji gündəliyinin mütəmadi olaraq Azərbaycanda  müzakirə edilməsi
ölkəmizin malik olduğu təcrübənin, qazandığı uğurların göstəricisidir. Avropa İttifaqı Azərbaycanı
etibarlı tərəfdaş və pan-Avropa qaz təchizatçısı adlandırır. Prezident İlham Əliyev çıxışında bildirdi ki,
Avropa enerji bazarında səylərimizlə bağlı məsələlərə gəlincə, bu yaxınlarda Türkiyədə ən böyük
elektrik stansiyalarından birini əldə etmişik. Gücü  870 meqavatdır. Ötən ay Serbiya ilə 500 meqavatlıq
elektrik stansiyasının inşasına dair müqavilə imzalandı. Enerji təhlükəsizliyinə töhfəmiz yalnız öz
sərhədlərimizlə, Cənub Qaz Dəhlizi ilə məhdudlaşmır. Həmçinin mühüm nailiyyətlər, amillər arasında
İtaliyada ümumi emal qabiliyyəti 10 milyon ton olan 2 neftayırma müəssisəsinin əldə olunması var.
Əgər Egey dənizinin Türkiyə sahillərində artıq sahib olduğumuz 12 milyon tonluq neftayırma
müəssisəsini də əlavə etsək, ümumilikdə Aralıq və Egey dənizlərində 22 milyon ton neftayırma
potensialımız olacaq ki, bu da öz növbəsində  neft məhsullarının davamlı təchizatını təmin etməyə
kömək edəcək.
Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci və Yaşıl Enerji Məşvərət
Şurası çərçivəsində nazirlərin 4-cü iclaslarında «Hər zaman olduğu kimi, biz Məşvərət Şurasının illik
iclasında ötən iclasdan bəri görülmüş işləri nəzərdən keçirir, enerji təhlükəsizliyi və dayanıqlı enerji
təchizatı sahələrində əməkdaşlığımızın və tərəfdaşlığımızın gücləndirilməsi ilə bağlı gələcək birgə
addımlarımızı planlaşdırırıq» söyləyən dövlət başçısı İlham Əliyev onu da vurğuladı ki, bu təşəbbüsün
davamlılığını nümayiş etdirməsindən artıq on ildən çox vaxt keçir və 12 il əvvəl bu təşəbbüsə
başladığımız dövrlə müqayisədə  məhz birlikdə toplaşmağın və enerji təhlükəsizliyinə dair mühüm
məsələləri müzakirə yolu ilə həll etməyin nə dərəcədə vacib olduğunu indi daha aydın şəkildə
anlayırıq. Hər dəfə biz məhz irəliləyişdən danışırıq.
Hesabat dövründə Azərbaycanın enerji sektorundakı mühüm hadisələrdən biri  2025-ci il
iyununda  rəsmi açılış mərasimi  keçirilən “8 Noyabr” Elektrik Stansiyasıdır. Mingəçevirdə yerləşən və
ümumi gücü 1880 MVt olan bu stansiya Azərbaycanın müstəqillik dövründə inşa edilən ən iri elektrik
enerjisi istehsal müəssisəsi kimi ölkənin enerji tarixində xüsusi yer tutur. Layihənin strateji əhəmiyyəti
ondan ibarətdir ki, bu stansiya təkcə ölkənin daxili enerji tələbatının ödənilməsində deyil, həm də ixrac
potensialının artırılmasında mühüm rol oynayacaq.  Bərpaolunan enerji layihələri ilə yanaşı, müasir və
səmərəli stansiyaların açılışı  enerji təhlükəsizliyinin möhkəmləndirilməsinə, enerji ixrac imkanlarının
genişləndirilməsinə, ətraf mühitin mühafizəsinə və regionda iqtisadi əməkdaşlığın güclənməsinə xidmət
edir. Azərbaycanın yaşıl enerji konsepsiyası və dayanıqlı enerji siyasəti belə kompleks yanaşmalar
sayəsində gələcəkdə də regionun və Avropanın enerji təhlükəsizliyində mühüm rol oynamağa davam
edəcək. Bu gün Azərbaycanın enerji siyasəti təkcə iqtisadi inkişaf deyil, həm də qlobal enerji keçidinə
və regional sabitliyə töhfə verən strateji model kimi nümunə göstərilir. Dövlət başçısı İlham Əliyev bu
ilin yanvarında “Gülüstan” sarayında Səudiyyə Ərəbistanı Krallığının “ACWA Power” şirkəti tərəfindən
inşa edilmiş 240 MVt gücündə “Xızı-Abşeron” Külək Elektrik Stansiyasının rəsmi açılış mərasimində
çıxışında  hesabat dövrünün enerji uğurları sırasında bu hadisəni qeyd edərək bildirdi ki, bu,  artıq
malik olduğumuz potensiala əlavə edilən yeni yaşıl enerji mənbəyidir. 2023-cü ildə “Masdar” şirkəti 230
meqavat gücündə Günəş elektrik stansiyası inşa edib: “Bir neçə layihə artıq icra mərhələsindədir və
gələcək illərdə biz alternativ enerji mənbələri ilə işləyən yeni elektrik stansiyalarının açılışını gözləyirik.
Bizdə  xarici sərmayədarlardan və yerli şirkətlərdən ibarət müsbət kombinasiya mövcuddur. Yerli
şirkətlər dedikdə, əlbəttə ki, SOCAR-ı nəzərdə tuturam. Lakin təkcə SOCAR yox, həmçinin özəl
şirkətlər alternativ enerji mənbələrinə investisiya yatırmağa başlayıb. Çünki burada böyük potensial və
bazarda tələbat var.”
Cənub Qaz Dəhlizi Məşvərət Şurasının iclasları enerji təhlükəsizliyi sahəsində yeni
yanaşmaların formalaşdırılmasında,  səylərin  əlaqələndirilməsində mühüm rol oynayır. Komandanın
tərkibi  genişlənir. Əsas məqsəd əməkdaşlığın gücləndirilməsidir. Çünki əməkdaşlıq olmadan enerji

təhlükəsizliyi layihələrinin heç biri mümkün olmazdı. Cənub Qaz Dəhlizi Avropaya qaz nəqlini təmin
edən mühüm enerji layihəsidir. Bu gün Cənub Qaz Dəhlizi təkcə Azərbaycanın deyil, eyni zamanda,
Avropanın enerji təhlükəsizliyinin əsas dayaqlarından birinə çevrilib. Azərbaycan hər zaman yeni
əməkdaşlıq formatlarının yaradılmasının təşəbbüskarı olmaqla  yanaşı, hazırda  icra edilən, yaxud
icrasını başa çatdıran layihələrin coğrafiyasının genişləndirilməsinin də vacibliyini bildirir. Təcrübə
mübadiləsinin aparılması, səylərin birləşdirilməsi bütün dövrlər üçün aktuallığını qoruyur. Ümummilli
Lider Heydər Əliyev hələ “Əsrin müqaviləsi”nin imzalanmasından öncə dünya təcrübəsinə əsasən belə
bir çağırışı səsləndirmişdi ki, heç bir ölkə beynəlxalq  əməkdaşlıq, təcrübə mübadiləsi  olmadan, səylər
və ehtiyatlar  birləşdirilmədən təkbaşına  iqtisadi tərəqqiyə nail ola bilməz. Dövlətimizin başçısı İlham
Əliyev Cənub Qaz Dəhlizi Nazirlər Şurasının iclaslarında  bildirdi ki, istehsalçı Azərbaycan, tranzit
ölkələr və istehlakçılar arasında əməkdaşlıqda müsbət dinamika müşahidə olunur. Məhz bu birlik, birgə
maraqlar və qarşılıqlı fayda prinsipi on ildən artıq davam edən uğurlu yolumuzun əsas amilidir.
Azərbaycan hər dövrün çağırışlarını yüksək səviyyədə cavablandırır. Cənub Qaz Dəhlizi
Məşvərət Şurasının ötənilki iclasında əsas çağırışlardan biri qaz ixracının coğrafiyasının
genişləndirilməsi olmuşdu. Dövlətimizin başçısı İlham Əliyev sözügedən çıxışında bu məqamı xüsusi
qeyd etdi. Vurğuladı  ki, sonuncu dəfə bu auditoriya qarşısında çıxış edərkən bildirmişdim ki, biz 12
ölkəyə qaz tədarük edirik: “Hazırda isə Azərbaycan qazının istehlakçısı olan ölkələrin sayı 16-ya çatıb.
Bu göstərici üzrə Azərbaycan boru kəmərləri vasitəsilə qaz tədarük etdiyi ölkələrin sayına əsasən
dünyada birinci yerdədir. Qaz təchizatının coğrafiyasının genişləndirilməsi ilə bağlı planlarımızı da
qeyd etmişdim. Bu planlar artıq reallaşdırılıb.
Digər mühüm hadisə qaz təchizatımızın artıq Avropa hüdudlarından kənardakı istiqamətlərə 
çatması olmuşdur. İlk dəfə olaraq Suriyaya qaz tədarükünə başlamışıq ki, bu da Suriya xalqına
mövcud olan kəskin elektrik enerjisi qıtlığının azaldılmasında yardım göstərmək məqsədi daşıyır.”
Planlara gəldikdə Prezident İlham Əliyev vuruğaladı ki, biz Avropanın enerji bazarında
mövcudluğumuzu genişləndirmək niyyətindəyik. Artıq Avropanın daha iki ölkəsinə - Almaniyaya və
Avstriyaya qaz tədarükünə başlamışıq. Beləliklə, hazırda Avropa İttifaqının 10 üzv dövləti
Azərbaycandan qaz alır. Qarşıdakı illərdə Azərbaycanın yataqlarından yeni qaz hasilatı ilə əlaqədar
olaraq hasilat həcmlərini artırmaq imkanımız mövcuddur. Lakin bunun üçün şübhəsiz ki, ötən dəfə də
qeyd etdiyimiz kimi, mövcud qaz nəqli infrastrukturlarının genişləndirilməsi üzərində düşünməliyik.
Çünki bu gün Cənub Qaz Dəhlizi artıq tam yüklənmiş vəziyyətdədir. Biz bazarda mövcud tələbatı və
qlobal vəziyyəti nəzərə alaraq, artacaq tələbatı qarşılamaq məqsədilə əlavə genişləndirmə və
interkonnektor imkanlarını araşdırırıq. Məqsədimiz ixracı maksimum səviyyəyə çatdırmaqdır. Prezident
İlham Əliyevin  Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci və Yaşıl Enerji
Məşvərət Şurası çərçivəsində nazirlərin 4-cü iclaslarında iştirak edən Avropa Komissiyasının enerji və
mənzil siyasəti üzrə komissarı Dan Yorgensenin başçılıq etdiyi nümayəndə heyətini qəbul edərkən də 
söhbət zamanı Azərbaycanın, xüsusən hazırkı dövrdə Avropanın enerji təhlükəsizliyinə verdiyi töhfəyə
diqqət yönəldildi, enerji sahəsində ölkəmizin Avropa bazarında ixrac coğrafiyasının genişləndirilməsi və
təbii qaz, yaşıl enerji ilə bağlı əməkdaşlığın perspektivlərinə dair məsələlər müzakirə olundu.
Ümumiləşdirilmiş şəkildə qeyd etsək, Azərbaycanla Avropa təsisatları arasında yalnız enerji sahəsi ilə
məhdudlaşmayan güclü tərəfdaşlıq mövcuddur.

Elbrus Əhmədov,
Sabirabad RİH başçısının Nizami kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi