Вернуться назад Распечатать

Hərbi ekspertdən Türkiyə ərazisinə düşən raketlə bağlı açıqlama: “Texniki qəza deyil”

1xeber.media xəbər verir ki, yaxın Şərqdə illərdir davam edən hərbi-siyasi gərginlik 2026-cı ilin mart ayında yeni və təhlükəli bir mərhələyə qədəm qoydu. İranın regiondakı hərbi aktivliyi və müxtəlif hədəflərə yönəlmiş raket hücumları bu dəfə Türkiyənin cənub sərhədlərində ciddi hərbi hərəkətliliyə səbəb oldu. 4 mart tarixində İran ərazisindən atılan ballistik raketin qalıqlarının Türkiyənin Hatay vilayəti ərazisinə düşməsi həm regional təhlükəsizlik, həm də beynəlxalq diplomatiya baxımından yeni bir kritik nöqtədir.

Hərbi ekspert Səxavət Məmməd  Musavat.com-a açıqlamasında bildirib ki, hadisənin baş vermə ardıcıllığına nəzər saldıqda bunun sadəcə texniki bir qəza deyil, regiondakı hava hücumundan müdafiə sistemlərinin sınağı olduğu görünür: "İranın İsrail istiqamətinə və ya Suriyanın şimalındakı hədəflərə yönəltdiyi iddia edilən raketlərdən biri trayektoriyasını dəyişərək Türkiyə hava məkanına daxil olub. Bu nöqtədə Aralıq dənizinin şərqində yerləşən NATO-ya məxsus gəmilər və Türkiyənin milli hava hücumundan müdafiə sistemləri dərhal dövriyyəyə girib. Raketin Hatay və Suriya sərhədi yaxınlığında, təxminən 15 min metr yüksəklikdə zərərsizləşdirilməsi böyük bir faciənin qarşısını alıb. İlk analizlərə görə, raketin qalıqları orta mənzilli ballistik raketlərin (MRBM) yanacaq və mühərrik bloklarına aiddir. Türkiyənin bu hadisəyə reaksiyası göstərir ki, Ankara artıq sərhəd xəttindəki bu növ "yanlışlıqları" adi hərbi insident kimi qəbul etmək niyyətində deyil”.

Ekspert deyib ki, diplomatik müstəvidə bu hadisə Türkiyə-İran münasibətlərində gərginliyə səbəb olub:
“İran tərəfi hələlik rəsmi bir texniki nasazlıq bəyanatı versə də, Ankara NATO-nun 4-cü maddəsini gündəmə gətirmək hüququnu saxladığını bildirib. Bu, Türkiyənin öz hava məkanını qorumaq üçün Alyansın kollektiv müdafiə imkanlarından daha fəal istifadə edəcəyi deməkdir. Nəticə etibarilə, Hataya düşən raket qalıqları regiondakı kövrək sülhün nə qədər böyük təhlükə altında olduğunu nümayiş etdirir. Bu insident İranın raket texnologiyasının dəqiqliyi ilə bağlı suallar doğurmaqla yanaşı, Türkiyənin cənub sərhədlərindəki "təhlükəsizlik dəhlizi" strategiyasının hava məkanını da tam əhatə etməli olduğunu göstərir. Önümüzdəki günlərdə keçiriləcək NATO sammitində bu məsələnin müzakirə masasında əsas mövzulardan biri olacağı və Türkiyənin şərq sərhədlərində müdafiə sistemlərinin sayının artırılacağı gözlənilir. Regional oyunçular üçün mesaj aydındır: Türkiyə səmaları artıq hərbi poliqon deyil”.