Bu gün Azərbaycan regionda nəhəng enerji layihələrinin müəllifinə və fəal iştirakçısına
çevrilib. Ölkəmizin təşəbbüskarı olduğu layihələr təkcə region üçün deyil, dünya miqyasında
da böyük əhəmiyyət daşıyır. Hər dəfə olduğu kimi, yenə də Azərbaycan ev sahibliyi edir, bu
isə ölkəmizin layihədə aparıcı rolunu təsdiqləyən mühüm amillərdən biridir. Martın 3-də Bakı
Konqres Mərkəzində Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci və
Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 4-cü iclasları keçirilib.
Qeyd edilməlidir ki, beynəlxalq toplantıda Azərbaycan və Avropa daxil olmaqla 27 ölkə,
11 beynəlxalq maliyyə institutu və təşkilat, həmçinin 49 enerji şirkəti, bir sıra ölkələrin nazirləri,
nazir müavinləri və digər yüksəksəviyyəli nümayəndələri iştirak ediblər. Məşvərət Şurası
çərçivəsində Azərbaycan-Avropa İttifaqı Yaşıl Bağlantı üzrə İnvestisiya dəyirmi masası
keçirilib. Bu mötəbər tədbirdə iştirak edən Azərbaycan Respublikasının Prezidenti İlham
Əliyev geniş çıxış edib.
Cənub Qaz Dəhlizi layihəsi Azərbaycanın enerji diplomatiyasının ən uğurlu
nümunələrindən biri hesab olunur. Prezident İlham Əliyevin uzaqgörən siyasəti sayəsində
reallaşdırılan bu layihə ölkəmizin Avropanın enerji təhlükəsizliyində etibarlı tərəfdaş kimi
möhkəmlənməsinə şərait yaradıb. Ölkə başçısı tədbirdəki çıxışında bildirib: “Sonuncu dəfə bu
auditoriya qarşısında çıxış edərkən bildirmişdim ki, biz 12 ölkəyə qaz tədarük edirik. Hazırda
isə Azərbaycan qazının istehlakçısı olan ölkələrin sayı 16-ya çatıb. Bu göstərici üzrə
Azərbaycan boru kəmərləri vasitəsilə qaz tədarük etdiyi ölkələrin sayına əsasən dünyada
birinci yerdədir”.
Cənab Prezident vurğulayıb ki, “Suriyaya 1,5 milyard kubmetr həcmində Azərbaycan
qazının tədarükü vasitəsilə biz əhalinin daha yaxşı qorunmasına, biznes fəaliyyəti üçün daha
geniş imkanların yaranmasına və müəssisələrin normal fəaliyyətinin təmin edilməsinə töhfə
verdik. Çünki hamıya yaxşı məlumdur ki, elektrik enerjisi olmadan heç bir inkişaf əldə etmək
mümkün deyil. Bu, həm Suriya, həm region, həm də Azərbaycan üçün mühüm əhəmiyyət
kəsb edirdi”.
Bununla yanaşı, Azərbaycan “yaşıl enerji” sektorunda da iddialı hədəflər müəyyən
edərək bərpaolunan enerjinin istehsalı və ixracı istiqamətində mühüm təşəbbüslər həyata
keçirir. “Yaşıl enerji” mənbələrindən əldə edilən elektrik enerjisinin ixracı Azərbaycanın enerji
strategiyasında yeni bir mərhələnin başlanğıcı kimi qiymətləndirilir. Ölkəmizdə bərpaolunan
enerji mənbələrinin genişləndirilməsi Prezident İlham Əliyevin əsas prioritetlərindən biri kimi
müəyyən edilib və 2030-cu ilə qədər elektrik enerjisinin qoyuluş gücündə bu mənbələrin
payının 30 faizə çatdırılması əsas hədəf kimi qəbul edilib.
Cənub Qaz Dəhlizi Məşvərət Şurası və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində
keçirilən görüşlərdən aydın olur ki, Azərbaycanın “Yaşıl enerji” potensialı gündəlikdə duran
əsas məsələdir. Prezident İlham Əliyevin Bakı Konqres Mərkəzindəki çıxışında dediyi kimi,
“cari ilin yanvarında regionda indiyədək ən böyük külək elektrik stansiyasının – 240 meqavat
gücündə obyektin açılışı olub. Layihə “ACWA Power” tərəfindən maliyyələşdirilib və həyata
keçirilib.
Bu, bizim artıq malik olduğumuz potensiala əlavə edilən yeni yaşıl enerji mənbəyidir.
2023-cü ildə “Masdar” şirkəti 230 meqavat gücündə Günəş elektrik stansiyası inşa edib. Bir
neçə layihə artıq icra mərhələsindədir və gələcək illərdə biz alternativ enerji mənbələri ilə
işləyən yeni elektrik stansiyalarının açılışını gözləyirik”.
İclasda bildirilib ki, 2032-ci ilə qədər Azərbaycanda alternativ enerji mənbələrindən 6-8
giqavat elektrik enerjisi əldə edilməsi gözlənilir ki, bu da xaricə ixrac ediləcəkdir. “Hazırda
elektrik enerjisi istehsalı üçün istifadə etdiyimiz təbii qazı əvəzləmək məqsədilə daxili tələbat
üçün istifadə etməliyik. Kommunikasiya sektoru, süni intellekt, data mərkəzləri ilə bağlı
planlarımız da daxil olmaqla artan iqtisadiyyat və sənaye üçün şəraiti təmin etməliyik” –deyə
ölkə başçısı əlavə edib.
Ölkə başçısı tədbirdəki çıxışında vurğulayıb ki, “qazıntı yanacağının və bərpaolunan
enerji mənbələrinin vəhdəti, xüsusilə də Azərbaycan kimi ölkələrin səylərinin yüksək
qiymətləndirilməsi, – ölkənin öz qaz ehtiyatlarının 100 il üçün kifayət edə biləcəyi halda
bərpaolunan enerji mənbələrinə milyardlarla sərmayə yatırması, – hesab edirəm ki, iş məhz
belə aparılmalıdır. Əminəm ki, bütün bu məsələlər bugünkü tədbirdə müzakirə olunacaq və biz
yaxşı həll yolları tapacağıq”.
Bu gün Azərbaycan enerji ehtiyatlarının etibarlı tranziti ölkəsi rolunu oynayır. Ölkəmiz
Qazaxıstan və Türkmənistan üçün neftin mühüm tranzitini təmin edir və bizim sistem vasitəsilə
nəql olunan neftin həcmi ildən-ilə artır. Azərbaycan Xəzərin şərq sahillərindən daha çox neft
qəbul etmək iqtidarındadır və bunun üçün lazımı infrastruktura malikdir.
Toplantıda bildirilib ki, bu yaxınlarda Türkiyədə 870 meqavat gücündə ən böyük elektrik
stansiyalarından biri əldə edilib. Ötən ay Serbiya ilə 500 meqavatlıq elektrik stansiyasının
inşasına dair müqavilə imzalanıb. Beləliklə, ölkəmizin enerji təhlükəsizliyinə töhfəsi yalnız öz
sərhədləri, Cənub Qaz Dəhlizi ilə məhdudlaşmır.
Həmçinin İtaliyada ümumi emal qabiliyyəti 10 milyon ton olan 2 neftayırma
müəssisəsinin əldə olunub. Bura Egey dənizinin Türkiyə sahillərindəki 12 milyon tonluq
neftayırma müəssisəsini də əlavə etsək, ümumilikdə Azərbaycanın Aralıq və Egey
dənizlərində 22 milyon ton neftayırma potensialı olacaqdır. Bu da öz növbəsində neft
məhsullarının davamlı təchizatını təmin etməyə kömək edəcək və minlərlə yanacaqdoldurma
stansiyasını yanacaqla təmin edəcəkdir.
Azərbaycanın bərpaolunan enerji strategiyası Prezident İlham Əliyevin təşəbbüsü ilə
hazırlanmış və 2021-ci ilin fevralında qəbul edilmiş “Azərbaycan 2030: Sosial-iqtisadi inkişafın
Milli Prioritetləri”nə əsaslanır. Beş əsas milli prioritetdən biri olan “Təmiz ətraf mühit və yaşıl
artım ölkəsi” prinsipi “yaşıl enerji”nin inkişafına geniş yol açır.
Elnur Ağayev,
Sabirabad rayon Qeydiyyat şöbəsinin rəisi