Вернуться назад Распечатать

Dövlətimizin həyata keçirdiyi enerji diplomatiyası dayanıqlı və təhlükəsiz bir dünya naminə atılan ən böyük töhfədir

Azərbaycan beynəlxalq miqyasda baş verən iqisadi proseslərin mərkəzindədir. Prezident İlham
Əliyevin xarici ölkələrə, həmçinin digər ölkələrin dövlət başçılarının Azərbaycan səfərləri, keçirilən
beynəlxalq əhəmiyyətli, tərəfdaşlar arasında yeni münasibətlərin əsası kimi dəyərləndirilən
beynəlxalq tədbirlər Azərbaycanın ikitərəfli və beynəlxalq təşkilatlar çərçivəsində əlaqələrin
qurulmasına və inkişaf etdirilməsinə öz müsbət təsirini göstərir. Bununla da Azərbaycan bütün Avropa
üçün strateji tərəfdaş kimi qəbul edilir.
Azərbaycanın enerji diplomatiyası bu gün sadəcə bir ölkənin iqtisadi maraqlarını deyil, bütöv bir
qitənin enerji təhlükəsizliyini təmin edən strateji sütuna çevrilib. Enerji sahəsində Azərbaycanın
qazandığı uğurlar bu istiqamətdə ölkəmizin yaratdığı yeni reallıqları əks etdirir. Enerji təhlükəsizliyi milli
təhlükəsizlik məsələsidir. Dünya dəyişib, enerji təhlükəsizliyi məsələlərinin hər bir ölkə üçün əhəmiyyəti
daha da artıb. Bu reallıq Bakıda keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin
12-ci və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 4-cü iclaslarında bir daha vurğulandı.
Mart ayının 3-də Bakıda keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin
12-ci və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 4-cü iclası Azərbaycanın enerji sahəsində
qazandığı uğurlar baxımından mühüm əhəmiyyət kəsb edir. Azərbaycan tərəfindən başlanmış və
Avropa Komissiyası tərəfindən dəstəklənmiş bu vacib toplantı enerji təhlükəsizliyi sahəsində
yanaşmaların formalaşdırılmasında, həmin məsələlərin həllində və birgə səylərimizin
əlaqələndirilməsində mühüm rol oynayır. Dünyanın dəyişdiyi, enerji təhlükəsizliyi məsələlərinin hər bir
ölkə üçün əhəmiyyətinin daha da artdığı bir zamanda keçirilən bu tədbir qarşıda dayanan yeni
vəzifələri açıqladı və səylərin birləşdirilməsinə çağırışlar etdi. Həmçinin ənənəvi keçirilən bu tədbir
qlobal səviyyədə iqtisadi mənzərənin təqdimatında əhəmiyyətli rol oynadı.  Bu gün Cənub Qaz Dəhlizi
layihəsinin şaxələndirilməsi və genişləndirilməsi istiqamətində yeni marşrutların qurulması və yeni
mənbələrin cəlb olunması ən önəmli məsələlərdəndir. Qeyd etmək lazımdır ki, Cənub Qaz Dəhlizi artıq
5 ildir ki, fəaliyyətdədir. Bu, Avrasiyada ən böyük infrastruktur layihələrindən biridir. Uzunluğu 3500
kilometr olan inteqrasiya edilmiş boru kəməri sistemi olan bu layihə enerji təhlükəsizliyi və əməkdaşlıq
layihəsidir. Qeyd etmək lazımdır ki, Azərbaycan qazının Avropaya təchizatının arealı ildən-ilə
genişlənir. Əgər layihənin ilkin mərhələsində 12 ölkəyə qaz ixrac olunurdusa, bu gün Azərbaycan
qazının istehlakçılarının sayı 16-ya çatıb.
Azərbaycanın enerji diplomatiyasının ən böyük iqtisadi nəticəsi özünü ixrac coğrafiyasının
sürətli genişlənməsində göstərir. Hazırda boru kəmərləri vasitəsilə qaz tədarük edilən ölkələrin sayına
görə Azərbaycanın dünyada ön sıralarda olması təsadüfi deyil. Bu, gəlirlərin sabitləşməsi və geosiyasi
risklərin minimuma endirilməsi deməkdir. Almaniya və Avstriya kimi nəhəng iqtisadiyyatların
Azərbaycan qazını alan ölkələr sırasına qoşulması ölkəmizin Avropa bazarında mövqelərinin sarsılmaz
olduğunu nümayiş etdirir. İxracın şaxələndirilməsi strategiyası çərçivəsində Suriyaya 1,5 milyard
kubmetr həcmində qaz tədarükünün başlanması Azərbaycanın yeni və fərqli bazarlara çıxış
imkanlarını genişləndirir. Bu addım göstərir ki, Azərbaycan üçün şaxələndirmə yalnız istehlakçılar üçün
deyil, bir istehsalçı kimi dövlətimizin iqtisadi dayanıqlığının əsas elementidir.
Hazırkı dövrün əsas çağırılarından biri bərpaolunan enerji mənbələrinə investisiyaların
yatırılmasıdır. Tədbirdə çıxış edən cənab Prezident İlham Əliyev bir çox mühüm mesajlar verərək
dövlətimizin təkcə ənənəvi enerji resursları sahəsində deyil, həm də gələcəyin “yaşıl iqtisadiyyatı” üzrə
strateji vizyonunu dünyaya bəyan etdi. Prezident İlham Əliyevin çıxışında ən mühüm mesajlardan biri
Azərbaycanın bərpa olunan enerji potensialı ilə bağlı idi. Ölkəmiz artıq neft-qaz ixracatçısı olan
dövlətdən “yaşıl enerji” ixracatçısına çevrilmə mərhələsinə qədəm qoyub. Belə ki, Xəzər dənizinin
nəhəng külək enerjisi və işğaldan azad edilmiş ərazilərin günəş enerjisi potensialı Azərbaycanı yaşıl
enerji dəhlizlərinin mərkəzinə çevirir.
Göründüyü kimi, Azərbaycan hər dövrün çağırışlarını yüksək səviyyədə cavablandırmaq üçün
həm siyasi iradəyə, həm də unikal təbii-intellektual potensiala malikdir. Dövlətimizin həyata keçirdiyi
enerji diplomatiyası təkcə bu günümüz üçün deyil, gələcək nəsillər üçün daha firavan, dayanıqlı və
təhlükəsiz bir dünya naminə atılan ən böyük töhfədir.
Kamran Nəsirov,
Sabirabad Dövlət Sosial-İqtisad Kollecinin direktoru