Вернуться назад Распечатать

Prezident Naxçıvana hücumdan bir gün öncə o kitaba nə yazıb? – Mühüm DETAL

ABŞ, İsrail, Avropa, hətta müsəlman qonşularının belə İrana qarşı olduğu müddətdə regionda sadəcə iki ölkə genişmiqyaslı hücumlara dəstək vermədi: Azərbaycan və Türkiyə. Lakin molla rejimi onlar üçün dost və qonşu anlayışlarının heç də əhəmiyyətli olmadığını hər iki ölkəyə birbaşa hücumla təsdiqlədi. Müharibənin ilk günündən bölgədə sabitliyin təmin olunması üçün çalışan Türkiyəyə ötən gün raket hücumu edildi. Halbuki rəsmi Ankara ölkə ərazisindəki bazanın ABŞ-a deyil NATO-ya məxsus olduğunu bildirib, İrana hücumları kəskin şəkildə qınayıb.

Lakin əsas məsələ Azərbaycandır. Gözləyirdikmi? Bəli. Naxçıvana əvvəlcə “Shahed” dronları ilə hücum edildiyi güman olunsa da, görüntülərdəki PUA “Arash 2” tipinə daha çox bənzəyir. Burada kilid nöqtə var. Məlumatlara görə, “Shahed” dronları daha çox kütləvi və məhdud hücumlar üçün nəzərdə tutulub, istehsalı daha ucuz başa gəlir, sadə piston mühərrikə malikdir. “Arash 2” isə daha uzaqmənzilli hücumlar üçün nəzərdə tutulur, böyük qanad açıqlığı və güclü mühərrikə malikdir, daha ağır başlığı var, 1500-2000 km-yə qədər məsafə qət edə bilir. Bu dronlar konkret hədəfləri vurur və ağır zərbələr üçün nəzərdə tutulur. Məsələn, İranın Rusiyaya verdiyi “Shahed”lər Ukrayna müharibəsində istifadə edilib. Naxçıvana məzh “Arash 2” kimi bir PUA ilə hücum Tehranın niyyətinin nə qədər məkrli olduğunu göstərir.

Bakının mövqeyi 

28 martda müharibənin başlamasından cəmi bir gün sonra – martın 1-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla iranlı həmkarı Abbas Əraqçi arasında telefon danışığı oldu. Bayramov regiondakı gərginliyə görə Bakının narahatlığını ifadə edib. Həmçinin Azərbaycanın adından İranın Ali Rəhbəri Ayətullah Xamenei və günahsız mülki insanların həlak olmasına görə başsağlığı diləyib. Bayramovun mesajında deyilir: “Hər hansı bir ölkə tərəfindən Azərbaycan ərazisinin qonşu və dost İrana qarşı istifadə edilməsi mümkün deyil”.

Bakı bu fikri hücumlar başlamadan öncə, hələ təhlükənin anonsu verildiyi zaman da dəfələrlə vurğulayıb.

Hökumət səviyyəsində mesaj

Prezident İlham Əliyev ali rəhbərin ölüm xəbəri təsdiqləndikdən sonra martın 4-də şəxsən İranın Bakıdakı səfirliyini ziyarət etdi və başsağlığı verdi. Prezident səfirlikdə açılan xatirə kitabına ürək sözlərini yazıb, İrana səfərləri zamanı Ayətullah Seyid Əli Xamenei ilə görüşlərini həmişə ən xoş təəssüratlarla xatırlayacağını deyib.

Lakin İranda rejimin dəstəklədiyi ekspertlər, televiziyalar, saytlar, müxtəlif rəsmi şəxslər Azərbaycana hədəf almağa davam etdilər. Hətta açıq təhdidlər belə səsləndirildi. Buna baxmayaraq, Bakı vəziyyətin həssaslığını nəzərə alaraq prosesə ehtiyatla yanaşmağı seçdi. Tam bir gün sonra – 5 martda isə Naxçıvan hədəf alındı. Bu, təsadüf deyil. Rejimin əsasını təşkil edən İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Bakıya mesajıdır. Heç bir humanist dəyərləri vacib görmədikləri, rejimin niyyəti üçün hətta məsum uşaqları belə öldürə biləcəklərini göstərməkdən çəkinmirlər.

İrandakı molla rejimi üçün İslam dini sadəcə bir silahdır, arxasına gizləndiyi qalxandır, ölkədə hakimiyyətləri qorumaq üçün zirehdir. Lakin heç də iddia etdikləri kimi Allaha olan inancın, ibadətin yolu deyil. Çünki Naxçıvanda yaşayanlar da müsəlmandır. İslamda qardaş qətlinə haqq qazandırılmır. Digər müsəlman ölkələrinin də İrana qarşı yer alması bu baxımdan təəccübləndirmir.

Ermənistan amili

İran 30 illik münaqişə dönəmində açıq şəkildə Ermənistanı dəstəklədi, 44 günlük müharibədə TIR-larla silahın separatçılara ötürülməsinə şərait yaratdı. ABŞ Ermənistan ordusu ilə təlimlər keçirdi, İran susdu, ABŞ Ermənistana baza yerləşdirdi, İran susdu. Tehran İrəvan qarşısında sadəcə “narahatıq” bəyanatları verməklə kifayətlənir. ABŞ-ın sadəcə Ermənistanda yerləşən səfirliyində 2000-dən çox işçi fəaliyyət göstərir. Bəzi məlumatlara görə onların 1000 nəfəri hərbçidir, qalan bir qismi isə casus. Lakin İran onu açıq hədəf seçən ABŞ-ın bazasının olduğu Ermənistanı deyil, ərazisindən istifadəyə icazə verməyən və kədərini bölüşən Azərbaycanı təhdid görüb hücum edir?

Güney Azərbaycan

SEPAH və rejim rəsmiləri dəfələrlə Azərbaycanı təhdid etdi. Lakin Bakı diplomatik peşəkarlıq nümayiş etdirərək belə radikal bəyanatların iki ölkə arasında münasibətlərə zərər verməsinə şərait yaratmadı.

Tək səbəb bu deyildi. Bakı həm də Güney Azərbaycanda yaşayan soydaşlarımızı düşünərək addım atmağa çalışır, Tehranın Quzeyə olan qəzəbini güneyli soydaşlarımızdan çıxarma ehtimalına görə ehtiyat edirdi. Lakin molla rejimi bütün hakimiyyəti müddətində Azərbaycan türklərinə qarşı siyasət yürütdü, onların yaşadığı bölgəni iqtisadi inkişafdan saxladı, əhalisini irqçiliyə məruz qoydu.

Molla rejiminin dərdi Güneyli-Quzeyli Azərbaycandır. Nə qədər hörmət edilsə də, ehtiyatlı davranılsa da, bu, dəyişməyəcək. Naxçıvana hücum sadəcə xəbərdarlıq idi, ardının daha sərt şəkildə gəlməyəcəyinə heç kim qaranti vermir!

Globalinfo.az