Ərəb milyarderi Xələf Əhməd əl-Habtur Donald Trampa açıq məktub ünvanlayıb. O, müraciətin mətnini X sosial şəbəkəsindəki səhifəsində dərc edib.
“Birbaşa sual: regionumuzu İranla müharibəyə sürükləmək səlahiyyətini sizə kim verib? Və siz bu təhlükəli qərarı hansı əsasla qəbul etmisiniz? Tətiyi çəkməzdən əvvəl mümkün yan təsirləri düşündünüzmü? Bu eskalasiyadan ilk zərbə alacaq ölkələrin məhz region dövlətləri olacağını nəzərə aldınızmı?”.
Milyarder bildirib ki, Yaxın Şərq xalqlarının Trampdan soruşmağa haqqı var - o, əməliyyata başlamaq qərarını özü verib, yoxsa bu addımı İsrailin baş naziri Netanyahu və onun hökumətinin “təzyiqi nəticəsində” atıb.
Biznesmen əlavə edib ki, ərəb ölkələri özlərini müdafiə etməyə qadirdir, lakin onların bir sualı var: ABŞ prezidentinə regionu “döyüş meydanına çevirməyə” kim icazə verib?
Əl-Habtur həmçinin xatırladıb ki, Trampın yaratdığı Sülh Şurasının təşəbbüsləri qismən Fars körfəzi ölkələrinin vəsaiti hesabına maliyyələşdirilir.
“Bu gün həmin ölkələrin soruşmaq haqqı var: bu pullar hara xərclənib? Biz sülh təşəbbüslərini maliyyələşdiririk, yoxsa bizə təhlükə yaradan müharibəni?”.
O, həmçinin qeyd edib ki, Trampın addımları narazılıq doğurur və hətta ABŞ vətəndaşları üçün də təhlükə yaradır.
Əl-Habtur Siyasi Araşdırmalar İnstitutunun məlumatlarına istinad edərək bildirib ki, hərbi əməliyyatların dəyəri 4-5 həftə ərzində 40 milyard dollardan 210 milyard dollara qədər ola bilər. Onun sözlərinə görə, İrandakı əməliyyat ABŞ vətəndaşlarının ödədiyi vergilər hesabına maliyyələşdirilir.
“Hətta amerikalılar iştirak etməməli olduqları müharibədə həyatlarını itirməyə başlayıblar”.
Milyarder həmçinin xatırladıb ki, Tramp hakimiyyətə gələndə müharibələrdən qaçacağına söz vermişdi. Lakin onun ikinci prezidentlik dövründə ABŞ ən azı yeddi ölkədə hərbi əməliyyatlar keçirib.
“Bu vəzifədə olduğunuz ilk il ərzində siz 658-dən çox xarici aviazərbə endirmisiniz. Bu rəqəm keçmiş ABŞ prezidenti Co Baydenin bütün prezidentliyi dövründə həyata keçirilən zərbələrin ümumi sayına bərabərdir - halbuki siz Baydeni ABŞ-ı xarici müharibələrə cəlb etdiyinə görə tənqid edirdiniz”.
Müraciətin sonunda o vurğulayıb ki, həqiqi liderlik “müdriklik, başqalarına hörmət və sülhə can atmaq” ilə müəyyən olunur.
Əl-Habturun sözlərinə görə, digər ölkələr də “sülh naminə” irəli sürülən təşəbbüslər üzrə tam şəffaflıq və hesabat tələb etmək hüququna malikdir.