2026-cı il mart ayının 6-da Yeni Azərbaycan Partiyası Xətai rayon təşkilatı və Xətai rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə “Azərbaycan cəmiyyətində qadınlar: ənənələr və çağırışlar” mövzusunda tədbir keçirilib.
1xeber.media xəbər verir ki,tədbirdə dövlət qurumlarının əməkdaşları, təhsil və səhiyyə müəssisələrinin rəhbərləri, partiya fəalları və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər. Əvvəlcə müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, Ulu Öndər Heydər Əliyevin və Vətənimizin azadlığı uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, daha sonra Azərbaycanın Dövlət himni səsləndirilib.
Tədbirdə çıxış edənlər – YAP Xətai rayon təşkilatının sədri Ramil Mirzəyev, Xətai rayon İcra Hakimiyyətinin sektor müdiri Pənah İmanov, Xətai Rayon Ağsaqqalar Şurasının sədri Mürvət Əsgərov, 287 saylı “Zəkalar” liseyinin direktoru Aygün Əhmədli, 6 saylı şəhər poliklinikasının baş həkimi Nərmin Qasımova, Turizm və Sosial Xidmətlər üzrə Peşə Mərkəzinin direktoru Kifayət Bayramova, M.Ə.Əfəndiyev adına Xətai Tibb Mərkəzinin həkimi Səlmin Quliyeva, Heydər Əliyev adına liseyin direktoru Sevinc Orucova və 58 saylı məktəbin direktoru Lətifə Mustafayeva çıxışlarında Azərbaycan qadınlarının cəmiyyətin inkişafında, dövlət quruculuğunda, təhsil və səhiyyə sahələrində, eləcə də gənc nəslin formalaşmasında mühüm rol oynadıqlarını vurğulayıblar. Qeyd olunub ki, ölkədə həyata keçirilən dövlət qadın siyasəti qadınların hüquqlarının qorunmasına və ictimai həyatda fəal iştirakına geniş imkanlar yaradır.
Tədbirin sonunda xanımlar 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik edilib, onlara hədiyyələr və gül dəstələri təqdim olunub.





