Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi Avtomobil Yolları Dövlət (AAYDA) Agentliyinin fəaliyyətində rəqabət qanunvericiliyinin pozulması halları ilə əlaqədar araşdırma aparır...
1xeber.media oxu.az-a istinadən xəbər verir ki, araşdırma rəqabət orqanının öz təşəbbüsü ilə başladılıb.
Rəqabət Məcəlləsinin 39.7-ci maddəsinin tələblərinə əsasən sahibkarlıq fəaliyyətinin nəticələrinə dair maliyyə hesabatlarının müəyyən edilmiş qaydada və vaxtda rəqabət orqanına təqdim edilməməsi ilə bağlı rəqabət qanunvericiliyinin pozulması hallarına görə araşdırma aparılır.
Qeyd edək ki, bundan əvvəl Maliyyə Nazirliyinin AAYDA-da yoxlamalar aparması barədə məlumat yayılmışdı. Həmin məlumatda qeyd olunurdu ki, yoxlamalar AAYDA-nın İdarə Heyətinin keçmiş sədri Saleh Məmmədovun quruma rəhbərlik etdiyi dövrü əhatə edir. Artıq bir sıra maliyyə pozuntularının aşkarlanıb.
Saleh Məmmədovun işdən çıxarılması, AAYDA-da aparılan yoxlamalar bu qurumlar sıx əlaqələrinin olduğu iddia edilən “ATF” MMC-ni çətin vəziyyətə salıb.
Xatırladaq ki, “ATF” şirkəti Azad, Təbriz və Fəxrəddin Muradov qardaşlarına məxsus olsa da Saleh Məmmədovun şirkəti olaraq tanınır. Şirkətin adı Muradov qardaşlarının adlarının baş hərflərinin kombinasiyasıdır.
Bu şirkət əsasən yol təmirləri ilə bağlı tenderlərin qalibi seçilib. Mətbuat “ATF”i tender kralı kimi təqdim edir. Eyni zamanda şirkətin yol təmiri ilə bağlı tenderlərdə az qala alternativsiz şirkət çıxış etməsi onun fəaliyyətinin şəffaflığı barədə sualların yaranmasına səbəb olub.
Şirkətin Saleh Məmmədova bağlılığına gəlincə, bu iddia, Muradov qardaşlarından birinin oğlunun yol idarələrinin birində çalışması haqqında məlumatdan sonra ortaya atılıb. Maraqlıdır ki, qarşı tərəf iddianı təkzib etməyib.
Mətbuatda “ATF” haqqında dərc edilən materiallarda isə şirkətin Saleh Məmmədova bağlı olması açıq şəkildə qeyd edilib.
Ona görə də Saleh Məmmədov və AAYDA ilə bağlı baş verənlərin “ATF” MMC-yə də təsirsiz ötüşməyəcəyi barədə ehtimalları artırır. Olanların hətta şirkətin çöküşünü də şərtləndirə biləcəyi istisna olunmur.