Cənubi Qafqazda, xüsusilə də Gürcüstan və Ermənistanda müşahidə olunan siyasi gərginlikdə Qərbin izləri açıq-aydın görünür.
Ermənistanda marionet rejim qurmağı bacaran qüvvələr Gürcüstanda da oxşar hakimiyyət formalaşdırmaq istəyirlər. Amma Gürcüstan hökuməti gec də olsa başa düşdü ki, ölkənin milli maraqlarının qorunması, xaricdən təklif olunan bütün dəyərlərdən, prinsiplərdən daha vacibdir. Düşünürəm ki, kənardan edilən kobud müdaxilələrə rəğmən Gürcüstan hökuməti son prezident seçkilərinin nəticələrini xalqa qəbul etdirə bildi. Dekabrın 29-da “Gürcü Arzusu - Demokratik Gürcüstan” Partiyasından olan keçmiş parlament üzvü və sabiq futbolçu Mixail Kavelaşvilinin andiçməsindən sonra bu ölkədə siyasi hərarətin normaya düşəcəyini söyləmək olar”.
Bu fikirləri AZƏRTAC-a müsahibəsində Milli Məclisin deputatı Mehriban Vəliyeva deyib. O bildirib ki, Azərbaycan Gürcüstanda sabitliyin və inkişafın tərəfdarıdır: “Dekabrın 14-də Gürcüstanda keçirilən seçkilərdə hakim partiya qələbə qazandı. Bu münasibətlə Gürcüstanı ilk təbrik edən ölkə Azərbaycan oldu. Qərb dövlətləri isə seçkilərin nəticələrini tanımaq istəmir və hazırda Tbilisi beynəlxalq təzyiqlərlə üz-üzədir. Qərb dövlətlərinin, beynəlxalq təşkilatların seçkilərin nəticələrini şübhə altına alması Gürcüstanda siyasi gərginliyə səbəb olub. Qərb xarici kəşfiyyat xidmətlərinin idarə etdiyi “qrant agenturası” Gürcüstanı da Ermənistan kimi geopolitik müstəmləkəyə çevirmək istəyir. Ölkənin Baş naziri İrakli Kobaxidzenin də qeyd etdiyi kimi, son 20 ildə Gürcüstanın vətənpərvər, mənəvi və psixoloji baxımdan sabit prezidenti olmayıb. Bu mənada Mixail Kavelaşvilinin prezidentliyi ölkəmiz üçün dönüş nöqtəsi hesab olunur. Həqiqətən də, bundan öncə Gürcüstanda hakimiyyətdə olan müəyyən dairələr ifrat Qərbyönümlülüyü ilə seçiliblər. Bu da ölkənin milli dəyərlərindən uzaqlaşmasına, müəyyən məhrumiyyətlərlə üzləşməsinə səbəb olub. Gec də olsa, Gürcüstan hökuməti anladı ki, onların sığındığı Qərb Gürcüstanın heç bir problemini həll edə bilmədi. Ölkənin ərazi bütövlüyü təmin olunmadı, iqtisadi-inkişaf tempində dinamik artıq qeydə alınmadı. Cənubi Qafqazda Rusiyaya qarşı yeni cəbhə açmaq planlarının əsas qurbanları elə Gürcüstan və Ermənistan oldu Qərb bu ölkələrin xarici siyasi istiqamətlərini dəyişə bilsə də, onları qorumaq gücündə deyil. Qərb çalışırdı ki, Rusiyaya qarşı Cənubi Qafqazda ikinci cəbhə açılsın. Hətta təklif olunurdu ki, 4 milyon əhalisi olan Gürcüstan 150 milyonluq Rusiyaya qarşı müharibəyə başlasın, partizan döyüşləri aparsın. Guya bununla da Ukraynaya dəstək verəcəklərmiş... Qərbin bu cür ikiüzlü, riyakar siyasətinə alət olmaq istəməyən Gürcüstan hökuməti haqlı olaraq milli maraqlarının müdafiəsinə qalxdı və oyuncaq siyasətçiləri proseslərdən uzaqlaşdırdı” .
Mehriban Vəliyeva qeyd edib ki, Azərbaycanda hakimiyyətdə oturuşmuş güclü siyasi komanda mövcud olduğundan Qərb dövlətləri Bakıya təsir etmək gücündə deyil: “Onlar Gürcüstan və Ermənistandakı boşluqlardan yararlanaraq Cənubi Qafqaza daxil oldular, proseslərə müdaxilə etdilər: “Ona görə də hazırda həm Gürcüstanda, həm də Ermənistanda siyasi böhranlar yaşanmaqdadır. ABŞ, Avropa Birliyi, xüsusilə də Fransa böhranlı vəziyyətdən öz xeyirlərinə istifadə edirlər. Təəssüf ki, Cənubi Qafqazdan minlərlə kilometr uzaqlıqda yerləşən ölkələr dəyərləri siyasi maraqlarına qurban verirlər. Onlar həm gürcü, həm də erməni xalqlarından bir alət kimi istifadə edirlər. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, dünyanın o başında oturub bizə qarşı əsassız ittihamlar irəli sürənlər Cənubi Qafqaza rahat nəfəs almağa imkan versinlər. Özünün demokratiyanın beşiyi sayan dövlətlərin bölgəmizə yönələn riyakar siyasətləri ikrah doğurmaya bilməz. Onların planlarına alət olan siyasi qüvvələr gec-tez bunun cəzasını çəkəcəklər. Cənubi Qafqaz xalqları onları Qərbə qurban verən hakimiyyətləri heç vaxt bağışlamayacaq. Qərbin Cənubi Qafqazdakı çirkin oyununa alət olanlar tarix qarşısında cavab verəcəklər”.