Ukrayna artıq üç Yaxın Şərq ölkəsinə pilotsuz təyyarələrə qarşı ekspert qrupları göndərib.
1xeber.media xəbər verir ki, Ukrayna prezidentinin mətbuat xidmətinin Telegram-da verdiyi məlumata görə, Ukrayna prezidenti Volodimir Zelenski Parisdə keçirilən brifinqdə Kiyevin köməyinin təfərrüatlarını açıqlayıb.
"Artıq üç ölkəyə ekspert qrupları göndərmişik. Biz kömək etməyə hazırıq. Həftənin sonunda hərbçilər və Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi [Rüstəm Umerov] geri qayıdıb tam hesabat təqdim edəcəklər. Tərəfdaşlarımızın bizdən gözlədiyi yardımın əhatə dairəsini başa düşəcəyik", - deyə Ukrayna lideri bildirib.
O, Yaxın Şərq ölkələrinin Ukrayna texnologiyasına, pilotlarına və hərbi personalına ehtiyac duyduğuna əminliyini ifadə edib.
Brifinq zamanı Zelenski ABŞ prezidenti Donald Trampın Rusiya neftinə qarşı sanksiyaları ləğv etmək qərarına da münasibət bildirib. O, bu tədbirin sülhə kömək etmədiyini və Moskvaya milyardlarla dollar qazandıracağını bildirib.