Bakıda “Circus Sea Breeze” arenasında Türkmənistan Dövlət Sirkinin əfsanəvi “Galkynyş” qrupu — 2025-ci il Monte-Karlo Beynəlxalq Sirk Festivalının baş mükafat qalibləri ilə “Şərq Sirki” təqdim edib.
1xeber.media xəbər verir ki, tədbirdə Türkmənistanın Azərbaycandakı səfiri Qurbanməmmet Elyasov çıxış edib. Səfir bildirib ki, Türkmənistanın müstəqilliyinin 35-ci ildönümü münasibətilə Türkmənistan Prezidentinin Ahal-təkə atçılıq kompleksinin əfsanəvi "Galkynyş" (“Dirçəliş”) milli atüstü oyunlar qrupu ilk dəfə Azərbaycanda çıxış edir: “Bu münasibətlə “Galkynyş” (“Dirçəliş”) milli atüstü oyunlar qrupunun özümüzə yaxın və dost bildiyimiz ölkələrdə çıxışlarını planlaşdırdıq. İlk olaraq qardaş Azərbaycandan başladıq. Bu tədbir Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov və Azərbaycan Prezidenti İlham Əliyevin şəxsi dəstəyi sayəsində həyata keçirilir. Bu qrupun ilk çıxışı martın 4-də Atçılıq Federasiyasının təşkilatçılığı ilə Binə Atçılıq Mərkəzində baş tutub”.
“Circus Sea Breeze” sirkinin rəhbəri Allahverdi İsrafilov qeyd edib ki, tamaşaçıları dünyanı heyran edən möhtəşəm atüstü şou gözləyir.
Daha sonra artistlərin çıxışları nümayiş olunub. Mükəmməl sinxronluq, mürəkkəb trüklər, güclü dinamika və yüksəksəviyyəli peşəkar çıxışlar təqdimatı beynəlxalq səviyyəli unudulmaz tamaşaya çevirib.
“Şərq Sirki” proqramında beynəlxalq səviyyəli akrobatlar, müxtəlif janrların parlaq artistləri, eyni zamanda, itlər, tutuquşular və meymunların iştirakı ilə rəngarəng nömrələr təqdim olunub.
Ənənəyə uyğun olaraq, ilk nümayiş günləri valideyn himayəsindən məhrum olmuş uşaqlara, fiziki məhdudiyyətli uşaqlara və İkinci Qarabağ müharibəsi iştirakçılarının övladlarına həsr olunub.