Avropa İttifaqı ölkəmiz üçün bir nömrəli ticari tərəfdaşdır. Ticarət dövriyyəsinin dah da
artırılması əsas planlardan biridir. Təbii ki, Avropa İttifaqı ilə Azərbaycan arasında tərəfdaşlığın
mühüm hissəsi hər zaman enerji əməkdaşlığı olub. Xüsusən də bu 2022-ci ildə Enerji
sahəsində Strateji Tərəfdaşlıq haqqında sənədin Avropa Komissiyası ilə imzalanmasından
sonra müşahidə olunur. Həmin vaxtdan etibarən həm həcm, həm də ölkələrin sayı baxımından
Avropa ölkələrinə qaz ixracı artmışdır. Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koştanın
ölkəmizə rəsmi səfəri zamanı mətbuata bəyanatında Prezident İlham Əliyev Avropa İttifaqı ilə
əlaqələrdən bəhs edərkən bildrdi ki, bu gün İttifaqın 10 üzvü Azərbaycandan qazı qəbul edir
və ölkələrin ümumi sayı 16-ya çatıb. Bu göstəriciyə görə Azərbaycan dünyada boru kəməri ilə
qazı təchiz edən bir nömrəli ölkədir. Ümumiyyətlə, Azərbaycanın bir çox ölkələrin enerji
təhlükəsizliyində oynadığı rol artır.
Mətbuata bəyanatında Prezident İlham Əliyev bu yaxınlarda keçirilmiş Cənub Qaz
Dəhlizi Məşvərət Şurasının illik toplantısına da diqqət çəkərək bildirdi ki, ölkəmiz bu il qaz
hasilatını artırmağı planlaşdırır. Ölkəmiz qazı yeni yataqda hasil etməyə başlayacaq və
növbəti iki-üç il ərzində bugünkü həcmlə müqayisədə minimum 10 milyard kubmetr əlavə qaz
əldə ediləcək.
Ölkə başçısı bəyanatında Azərbaycanla Avropa İttifaqı arasında enerji sahəsində
əməkdaşlığın digər istiqamətinin bərpaolunan enerji ilə bağlı olduğunu vurğuladı. Aydındır ki,
Azərbaycanda bərpaolunan enerjinin böyük potensialı var. Hazırda ölkəmiz külək, Günəş və
su elektrik enerjisinə böyük sərmayələr yatırır. Növbəti beş və ya altı il ərzində 6-8 giqavatlıq
bərpaolunan enerjinin ixracı planlaşdırılır. Eyni zamanda, ölkəmiz Avropa tərəfdaşları ilə
ötürülmə xətləri, dəniz dibi kabelləri, enerji infrastrukturunun digər fərqli hissələri üzərində işlər
həyata keçirir.
Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koştanın ölkəmizə rəsmi səfəri zamanı
mətbuata bəyanatında Prezident İlham Əliyev Ermənistanla sülh sazişinin paraflanması
nəticəsində yaranmış imkanlara da diqqət çəkdi. Ölkə başçısı qeyd etdi ki, artıq daşımalar
ikitərəfli gündəliyin mühüm hissəsidir. Həmçinin Orta Dəhlizin genişlənməsi üçün yeni
imkanların açılması, təbii ki, nikbinliyi artırır. Prezident xüsusilə bildirdi ki, Azərbaycanın
müstəqilliyi 1991-ci ildə bərpa olunsa da ölkəmiz və xalqımız cəmi yeddi aydır ki, sülh
şəraitində yaşayır. Ermənistanla sülhün daimi olacağına ümidvar olduğunu bildirən Prezident
İlham Əliyev iki ölkə arasında artıq ticarət əlaqələrinin başladığını qeyd etdi. Bundan əlavə
digər ölkələrdən Azərbaycan ərazisi vasitəsilə Ermənistana gedən yüklərin tranzitinə bütün
məhdudiyyətlər aradan qaldırılıb. Bu isə bir daha Azərbaycan dövlətinin sülhpərvər mövqeyini,
eləcə də Prezident İlham Əliyevin güclü siyasi iradəsinin göstəricisi kimi qiymətləndirilməlidir.
Rahib Fərzəliyev,
Sabirabad rayonu Quruzma kənd sakini, fəal gənc