Bu günlərdə paytaxt Bakı növbəti dəfə aktual siyasi məsələlərin müzakirəsi təşkil
olunan mühüm beynəlxalq platformaya çevrildi. Son dövrdə mətbuatda tez-tez rastlaşdığımız
oxşar cümlələrə alışmaq əsla olmaz. Əksinə, bu cür hadisələri layiqincə dəyərləndirmək
lazımdır. Doğma məmləkətimizdə mühüm beynəlxalq tədbirlərin keçirilməsi faktının
mahiyyətini məqsədyönlü şəkildə kiçildənlər, böyük həyata hazırlaşan tələbəyə “neynirsən
oxumağı, nə mənası var” deyib onun gələcəyi ilə oynayan məsuliyyətsiz və qərəzli insanlara
bənzəyirlər. Əlbəttə ki, bu cür davranışın sağlam niyyəti ola bilməz.
Belə ki, 12 mart tarixində işə başlamış “Keçid dövründə olan dünyada fikir ayrılıqlarının
aradan qaldırılması” adlı XIII Qlobal Bakı Forumu da bəhs etdiyimiz həmin mühüm beynəlxalq
tədbirlərdən biridir. Prezident İlham Əliyev Forumun açılış mərasimində çıxış edən zaman
beynəlxalq ictimaiyyətə ünvanlanmış mesajları səsləndirmiş və konkret sahələr qarşısında
strateji vəzifələri müəyyən etmişdir.
Beynəlxalq ictimaiyyətə yönəlmiş mesajlarda da daxili siyasətin strateji prioritetlərini
görə bilirik. Bu mənada əlbəttə ki, dövlət başçısı tərəfindən beynəlxalq platformanın
tribunasından səsləndirilmiş hər bir fikir təhlil olunmalı, ictimailəşdirilməli və müəyyən olunmuş
vəzifələrin icra mexanizmləri ilə bağlı konkret layihələr hazırlanmalıdır. Bu cür məqamlarda
cəmiyyətin peşəkar və fəal kəsiminin üzərinə xüsusi məsuliyyət düşür. Mühüm beynəlxalq
tədbirlərin müzakirə və dəyərləndirilməsini nəzarətsiz sosial şəbəkə “qəhrəmanlarının”
öhdəsinə buraxmaq bağışlanmaz davranışdır.
Azərbaycanda keçirilən hər bir beynəlxalq tədbir sadəcə müasir tariximizin ayrılmaz
hissəsi deyil. Qlobal problemlərin müzakirəsinə həsr olunan bu layihələr həm də gələcək
nəsillərə qalacaq milli siyasi irsimizin parçasıdır. Siyasi tədbirlərin təşkili və onların təhlili
prosesinə mütləq olaraq mövcud kontekstdə də yanaşmaq lazımdır. Hər bir məsuliyyətli
vətəndaş gələcək nəsillər qarşısında daşıdığı bu öhdəliyi duymalıdır. Obyektiv və dövlətin
maraqlarını qoruyan peşəkar informasiya ümumi məlumat kütləsinin içində itirsə, həqiqət təhrif
olunursa, qərəzli yozumlar üstünlük təşkil edirsə, emosiyalar çaşqınlıq yaradırsa və sıravi
vətəndaş informasiya mənbələrinə etibar etmirsə, deməli təbliğat sistemində çətinliklər
yaşanır. İnformasiya mənbələrinin sayının sürətlə artdığı müasir dövrdə obyektiv və subyektiv
səbəblərdən yaranan bəhs etdiyimiz mənzərə analitikanın əhəmiyyətini xüsusi olaraq
aktuallaşdırır.
Qeyd olunanlar kontekstində adını çəkdiyimiz tədbir çərçivəsində Prezident İlham
Əliyev tərəfindən səsləndirilmiş sadəcə bir neçə mühüm fikri burada bir daha qeyd edək: “Mən
bunu dəfələrlə demişəm və bir daha təkrar edəcəyəm: sülhdən daha yaxşı heç nə yoxdur”;
“Hətta Ermənistanla ticarəti bərpa etmişik. Onlar üçün həyati əhəmiyyət kəsb edən neft
məhsullarının ixracına başladıq və bununla da göstərdik ki, biz uzunmüddətli deyil, əbədi
sülhə sadiqik. Bu, bizim strategiyamız və siyasətimizdir və bir daha onu nümayiş etdirir ki,
Azərbaycan sülhsevər ölkədir.”; “Beləliklə, bu, bizim üçün, yəni ümumilikdə hamı üçün
qarşılıqlı uduşlu vəziyyət yaradacaq.”
Beləliklə, Prezident, milli ideologiyamızın fəlsəfi mahiyyətini və qonşu ölkə ilə
münasibətlər sisteminin mütləq prioritetini müəyyən edən strateji amil kimi məhz “sülh”
məfhumuna işarə edir. Bununla da deyə bilərik ki, Prezident İlham Əliyev milli ideologiya
sahəsində dövlət və cəmiyyət qarşısında strateji vəzifələri müəyyən etmiş oldu. Odur ki, sıra,
bu cür vəzifələrin icrasını təmin etmək üçün istifadə oluna biləcək konkret ideoloji alət və
metodların hazırlanmasındadır. Yeri gəlmişkən, onu da xatırladaq ki, Prezidentin milli
ideologiya ilə bağlı cəmiyyətə yönəlmiş açıq ismarışları bundan öncə də dəfələrlə olmuşdur.
Bəs dövlətin konkret sifarişi olduğu halda bu işlə kim məşğul olmalıdır?
Sözsüz ki, bu cür prosesləri öz axarına buraxmaq qəti olmaz. Müstəqilliyin ilk illərində mövcud
müstəvidə buraxılmış səhvlərin bədəli çox ağır olmuşdur. Məhz həmin illərdə müstəqillik
duyğusu və suverenlik ətri Azərbaycan xalqından oğurlanmışdır. Həmin dövrdə yaranmış
ideoloji boşluğu bəzi siyasətciklər cahillikdən ucuz və məsuliyyətsiz demaqogiya ilə
doldurmağa çalışırdılar. Populist şüar və ucuz vədlər arxasında gizlənən demaqoqlar sadəcə
öz maniakal ambisiyalarının ödəməsi ilə məşğul idilər. Bunun nəticəsində millət daha da
qaranlıq mühitə sürüklənirdi. Müəyyən sahələrdə isə proses hətta iltihab səviyyəyə qədər
inkişaf etmişdir. Etiraf etməliyik ki, vətəndaş cəmiyyəti institutları və siyasi partiyalar da həmin
iltihaba düçar olmuşdular.
Məhz bu səbəbdən Azərbaycan ictimaiyyəti müasir dövrdə siyasi partiya və QHT
sektorunda aparılan intensiv islahatlara şahidlik edir. Fəaliyyətin təyinatı və məzmunu ifrat
dərəcədə təhrif olunmuş, habelə xarici qüvvələrin əllərində təxribat və təzyiq alətinə çevrilmiş
bəzi QHT və partiyalar real təhdid mənbəyinə çevrilmişdir. Müasir tariximiz sözügedən
mülahizəni təsdiq edir. Bu mənada bilavasitə dövlət başçısının təşəbbüsü ilə təşviq olunan
siyasi dialoq mühiti sözügedən iltihabın daha da dərinləşməsinin qarşısını aldı. Siyasi
partiyalar və vətəndaş cəmiyyəti institutları xalqın rifahı naminə mövcud resurs və
potensialının səfərbər olunmasına xidmət edən işlək demokratik mexanizmə çevrildi.
Daha bir önəmli strateji vəzifə Prezident İlham Əliyevin “Mən bunu dəfələrlə demişəm və bir
daha təkrar edəcəyəm: sülhdən daha yaxşı heç nə yoxdur”, “... biz uzunmüddətli deyil, əbədi
sülhə sadiqik” və “Azərbaycan sülhsevər ölkədir” kimi mühüm mesajlarının Ermənistan
cəmiyyətində doğru-düzgün təşviq olunmasından ibarətdir. Yenə də “bu işlə kim məşğul
olmalıdır?” sualına cavab axtaran zaman biz təkrar olaraq siyasi partiya, vətəndaş cəmiyyəti
institutlarının üzərinə çıxmış oluruq. Əlbəttə ki, bu işin flaqmanı Qərbi Azərbaycan İcması
olmalıdır. Beləliklə, biz beynəlxalq protokolların gündəliyinə “Qərbi Azərbaycan” mövzusunu
çıxardan Prezident İlham Əliyevin növbəti dəfə strateji istedadına şahidlik edirik.
Günel Cəfərova,
Sabirabad rayon Tarix-Diyarşünaslıq Muzeyinin bələdçisi