XIII Qlobal Bakı Forumu sülh, təhlükəsizlik və dayanıqlı inkişaf mövzularında qlobal
dialoqa və əməkdaşlığa töhfə verməyi hədəfləyir. “Keçid dövründə olan dünyada fikir
ayrılıqlarının aradan qaldırılması” mövzusunda keçirilən Forum dünya liderlərini, nüfuzlu
ekspertləri və beynəlxalq təşkilatları bir araya gətirərək, qlobal çağırışlara qarşı birgə həll
yollarının müzakirə olunduğu vacib platforma rolunu oynayır.
Prezident İlham Əliyevin çoxşaxəli, praqmatik siyasəti, güclü siyasi iradəsi sayəsində
Azərbaycan beynəlxalq müstəvidə nüfuzlu dövlət kimi tanınır. Beynəlxalq birlik ölkəmizi etibarlı
tərəfdaş kimi qəbul edir. Eyni zamanda, Azərbaycan mötəbər beynəlxalq tədbirlərin keçirildiyi
məkana çevrilib. Təbii ki, bu amil ölkəmizə beynəlxalq birliyin inam və etimadının göstəricisidir.
Ölkəmizdə XIII Qlobal Bakı Forumunun keçirilməsi də Azərbaycanın qlobal problemlərin
müzakirə olunduğu mərkəz kimi statusunu gücləndirir. Məlumdur ki, bu tədbirin təşkilatçısı
olan Nizami Gəncəvi Beynəlxalq Mərkəzi Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına
əsasən, dahi Azərbaycan şairi Nizami Gəncəvinin 870 illik yubiley tədbirləri çərçivəsində 2012-
ci il sentyabrın 30-da böyük mütəfəkkirin vətəni Gəncədə keçirilmiş xüsusi toplantıda təsis
edilib. Hazırda Mərkəz qlobal problemlərin həlli yollarını araşdıran və bu barədə dünya
ictimaiyyətini məlumatlandıran mühüm beynəlxalq təsisata çevrilib. Məhz bunun nəticəsidir ki,
Mərkəzin təşkil etdiyi tədbirlərə maraq ildən-ilə artmaqdadır. Azərbaycanın belə forumlara ev
sahibliyi etməsi, ildən-ilə iştirakçıların sayında nəzərəçarpan artım ölkəmizə olan diqqət və
etimadın, dövlətimizin başçısı İlham Əliyevin siyasətinə dəstəyin ifadəsi kimi dəyərləndirilir.
Prezident İlham Əliyevin dediyi kimi, Qlobal Bakı Forumu hazırda aparıcı beynəlxalq
platformalardan biridir.
XIII Qlobal Bakı Forumu da dünya ictimaiyyətini düşündürən çox aktual mövzuya həsr
olunub. “Keçid dövründə olan dünyada fikir ayrılıqlarının aradan qaldırılması” mövzusunda
həsr olunmuş Forumda çıxış edən dünyanın nüfuzlu ictimai-siyasi xadimləri çıxış edərək
problemlərdən çıxış yolları üçün öz fikir və təkliflərini bölüşürlər. Azərbaycan Prezidenti İlham
Əliyev Forumun açılış mərasimində dərin məzmunlu çıxış edərək dünyada, o cümlədən
regionumuzda baş verən proseslər haqqında fikirlərini ifadə edib. Dövlətimizin başçısıının
dediyi kimi, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi bu gün aparıcı beynəlxalq təsisatlardan biridir
və burada bir çox məsələlər müzakirə olunur. Təşkilat yaxşı beynəlxalq nüfuza malikdir.
Dövlətimizin başçısı bildirib ki, sistemli yanaşmaların, dəyişən beynəlxalq vəziyyətə aid olan
məsələlərə mövqeyin formalaşmasında bu təşkilatın böyük rolu var.
Forumdakı çıxışında ölkə rəhbəri qeyd edib ki, bu forumun gündəliyi genişdir, bir çox
məsələləri əhatə edir. Əminəm ki, müzakirələr zamanı diqqət məhz bizim regionumuzda,
dünyadakı vəziyyətə yönələcəkdir. Dövlətimizin başçısı deyib ki, təhlükəsizlik, sabitlik
məsələləri hər hansı bir ölkənin gündəliyində heç vaxt olmadığı qədər bir nömrəli məsələ kimi
qalmalıdır. Çünki bu, olmadan bütün başqa səylər mənasızdır.
Ölkə başçısının çıxışında təklükəsizlik məsələlərinə xüsusi toxunularaq qeyd edilib ki,
təhlükəsizlik məsələsi Azərbaycan üçün hər zaman birmənalı olaraq bir nömrəli məsələ olub.
Suverenliyimiz, ərazi bütövlüyümüzün bərpasının gündəliyimizin əsas yerində dayandığını
söyləyən dövlətimizin başçısı qeyd edib: “Hazırda cəmi 7 aydır ki, biz sülh şəraitində
yaşayırıq. Bu, bir daha onu göstərir ki, güclü siyasi iradə var, sülh və ədalət sahəsində bir
sadiqlik var”.
Sülh şəraitində yaşamaq, ümumiyyətlə, qlobal səviyyədə unikal bir təcrübə olduğunu
bildiriən cənab Prezident qeyd edib ki, milyonlarla insan etnik təmizləməyə məruz qalır. 30 il
ərzində ərazimizin 20 faizi işğal altında oldu. “Biz bu gün beynəlxalq diqqətin
çatışmamasından əziyyət çəkirik”, – deyən dövlətimizin başçısı əlavə edib ki, münaqişə ilə
məşğul olmalı olan bəzi beynəlxalq iştirakçıların selektiv yanaşmasının şahidiyik.
Prezident İlham Əliyevin uzaqgörən və davamlı siyasəti nəticəsində Azərbaycan bu gün
sabitlik və təhlükəsizlik adasına çevrilib. Ölkəmiz siyasi-ictimai sabitliyi, dinamik iqtisadi
inkişafı, uğurlu xarici siyasəti və sosial rifah səviyyəsi ilə beynəlxalq ictimaiyyətin diqqət
mərkəzindədir. Azərbaycanın nüfuzu getdikcə artmaqla yanaşı, ölkə qlobal miqyasda
sivilizasiyalararası dialoq və əməkdaşlığın mühüm platformasına çevrilib. Forumun Bakıda
keçirilməsi də Azərbaycanın bu sahədə oynadığı strateji rolu və beynəlxalq arenadakı
mövqeyini bir daha təsdiqləyir.
Bu gün Azərbaycan regionda mühüm söz sahibi və sabitləşdirici qüvvə kimi çıxış
edərək beynəlxalq əməkdaşlığın güclənməsinə töhfə verir. 2020-ci ilin Vətən müharibəsində
qazanılan tarixi Qələbə və ərazi bütövlüyünün bərpası ölkəmizə olan marağı daha da artırıb.
Strateji coğrafi mövqeyi sayəsində Azərbaycan Şərqlə Qərbi, Şimalla Cənubu birləşdirən əsas
nəqliyyat və logistika qovşağına çevrilib. Ölkəmiz qarşılıqlı faydalı əməkdaşlıq prinsipləri
əsasında regionda sabitliyin və inkişafın təmin olunmasına çalışır. Prezident İlham Əliyevin
qətiyyətli liderliyi, etibarlı siyasəti və yaradılan əlverişli biznes mühiti Azərbaycanın beynəlxalq
nüfuzunun və tərəfdaş ölkələrlə əməkdaşlıq imkanlarının durmadan genişlənməsini təmin edir.
Təbii ki, belə bir şəraitdə ölkəmizdə keçirilən beynəlxalq tədbirlər, o cümlədən Nizami Gəncəvi
Beynəlxalq Mərkəzi tərəfindən təşkil olunan Qlobal Bakı forumları xarici qonaqlar üçün
Azərbaycanla dialoqu inkişaf etdirmək, yeni əməkdaşlıq əlaqələri qurmaq baxımından mühüm
imkandır.
Kamran Mirzəyev,
Sabirabad bələdiyyəsinin sədri