İranın ali lideri Əli Xamneinin iqamətgahına edilən hücumla bağlı yeni iddialar ortaya çıxıb.
1xeber.media xəbər verir ki, bu barədə İranWire məlumat yayıb. Nəşrin yazdığına görə, sosial şəbəkələrdə və bəzi media platformalarında yayılan səs yazısında hücum anı və hadisənin detalları müzakirə olunur.
İddia edilən səs yazısında danışan şəxslərdən biri hücum zamanı baş verənləri təsvir edir. Səs yazısında bildirilir ki, zərbə zamanı Xameneinin oğlu Müctəba binanın daxilində olmayıb.
Hadisədən qısa müddət əvvəl Müctəba Xamenei iqamətgahın həyətinə çıxıb. Məhz bu səbəbdən raket zərbəsi baş verən anda o, binada olmayıb və partlayışdan xilas ola bilib.
Həmin səs yazısında hücum nəticəsində iqamətgahın yuxarı hissəsinə ciddi zərər dəydiyi və kompleksdə güclü partlayış baş verdiyi iddia edilir. Danışan şəxslər partlayış nəticəsində binada olan bəzi şəxslərin öldüyünü və ya yaralandığını da bildirirlər.
IranWire qeyd edir ki, yayılan səs yazısının autentikliyi müstəqil şəkildə tam təsdiqlənməyib. Buna baxmayaraq, materialda hücum zamanı baş verən hadisələrlə bağlı diqqətçəkən detallar yer alır.