Martın 17-də Gürcüstanın paytaxtı Tbilisidəki Heydər Əliyev Parkının qarşısında Novruz bayramı münasibətilə təntənəli tədbir keçirilib.
1xeber.media xəbər verir ki, bayram şənliyi Gürcüstanın Azərbaycanlı Ağsaqqallar Şurası və Tbilisidəki M.F.Axundzadə adına Azərbaycan Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı, bu ölkədəki Azərbaycan səfirliyinin və Tbilisi Meriyasının dəstəyi ilə təşkil olunub.
Tədbirdə Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev, Tbilisi merinin müavini Kaxa Abuladze, dövlət və hökumət üzvləri, Qazaxıstan və Türkmənistan səfirləri, Türkiyənin və digər ölkələrin səfirliklərinin nümayəndələri, azərbaycanlı icmanın üzvləri, ziyalılar və şəhər ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Azərbaycan, Türkiyə, Qazaxıstan və Türkmənistanın Gürcüstandakı səfirlikləri Abanotubani küçəsində Novruz bayramı ilə əlaqədar xüsusi guşə yaradaraq milli-mədəni və incəsənət nümunələrini, Novruz atributlarını nümayiş etdiriblər.
Tədbir iştirakçıları Azərbaycan guşəsini ziyarət edib, milli mətbəximizin ləziz təamlarından dadıblar.
Səfir Faiq Quliyev, Ağsaqqallar Şurasının sədri İsak Novruzov, M.F.Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyinin direktoru Leyla Əliyeva qonaqlara hədiyyələr təqdim ediblər.
Sonra Novruz tonqalı alovlandırılıb.
Azərbaycan xalçaları, səməni, boyanmış yumurta, şəkərbura, paxlava və digər şirniyyatlarla bəzədilmiş meydanda Kosa və Keçəl duzlu-məzəli söhbətləri ilə tədbirə xoş ovqat qatıblar.
Ağsaqqallar Şurasının sədri İsak Novruzov, muzeyin direktoru Leyla Əliyeva çıxışlarında bayram münasibətilə təbriklərini çatdırıblar.
Tbilisi merinin müavini Kaxa Abuladze Novruz bayramı şənliyində iştirakdan qürur duyduğunu qeyd edib. O, Azərbaycan ilə Gürcüstan arasında mədəni əlaqələrin inkişafını xüsusi vurğulayıb.
Bayram tədbiri maraqlı konsert proqramı ilə davam edib.
Azərbaycan və gürcü rəqs ansambllarının kollektivləri, müğənnilər, aşıqlar Azərbaycan və gürcü xalq, bəstəkar mahnılarını, rəqslərini ifa ediblər.
M. F. Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyinin direktoru Leyla Əliyeva AZƏRTAC-a müsahibəsində bildirib ki, tədbirin təşkilində əsas məqsəd Novruz ənənələrini yaşatmaq və təbliğ etməkdir.
Gürcüstanın Azərbaycanlı Ağsaqqallar Şurasının sədri İsak Novruzov bu ölkədə yaşayan azərbaycanlıların bu bayramı hər il müxtəlif tədbirlərlə qeyd etdiyini deyib.
Tədbirin iştirakçısı olan jurnalist Lika Jorjoliani isə vurğulayıb ki, Gürcüstanda azərbaycanlılar tərəfindən təşkil olunan bayram tədbirlərində iştirak artıq ənənə halını alıb: “Bu bizim sarsılmaz dostluğumuzun və bir-birimizə olan hörmətin göstəricisidir".
Gürcüstan parlamentinin sabiq deputatı Davit Qokadze isə Azərbaycan xalqının Novruz bayramını xüsusi qeyd etdiyini xatırladıb.
Qazaxıstandan olan iş adamı Berezat Utibalıyeva Novruz bayramının bütün Türk dünyasında böyük sevinclə qeyd edildiyini vurğulayıb. “Bu gün bu bayramı Tbilisidə Azərbaycan, Türkiyə, Qazaxıstan və Türkmənistan səfirliklərinin birlikdə qeyd etməsi bayrama xüsusi əhvali-ruhiyyə qatır”, - deyə o bildirib.