Paytaxt səmasında pilotsuz uçuş aparatlarının (PUA) uçuşu barədə məlumatlar Milli Məclisdə müzakirə mövzusuna çevrilib.
1xeber.media xəbər verir ki,modern.az saytının verdiyi məlumata görə, parlamentin iclasında bu məsələni deputat Qüdrət Həsənquliyev qaldırıb.
Parlamentari xatırladıb ki, informasiya məkanında milli təhlükəsizliyin təmin edilməsi məsələləri “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” qanunda aydın şəkildə təsbit edilib. Onun sözlərinə görə, cəmiyyətdə geniş rezonans doğuran hadisələrlə bağlı operativ rəsmi şərhlərin olmaması dezinformasiya üçün zəmin yaradır.
“Bu cür insidentlər barədə vaxtında məlumat verilmədikdə, bu, çoxsaylı şayiələrin yayılmasına səbəb olur. Təəssüf ki, bu uydurmaların əhəmiyyətli hissəsi dövlətin və dövlət orqanlarının nüfuzdan salınmasına yönəlib” - deyə deputat vurğulayıb.
Qüdrət Həsənquliyev aidiyyəti qurumları öz vəzifələrinə məsuliyyətlə yanaşmağa və hər cür spekulyasiyanın qarşısını almaq üçün vətəndaşları vaxtında məlumatlandırmağa çağırıb. Çıxışının sonunda o, Milli Məclis Aparatından xahiş edib ki, qurumun ictimaiyyət üçün vəziyyətə aydınlıq gətirməsi məqsədilə onun müraciəti deputat sorğusu kimi Müdafiə Nazirliyinə göndərilsin.