1xeber.media “The New York Times” (NYT) nəşrinə istinadla xəbər verir ki, Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricaninin ölümündən sonra İran rəsmiləri şəxsi təhlükəsizlikləri ilə bağlı artan narahatlıq səbəbindən ehtiyat tədbirlərini gücləndiriblər.
Mənbələrdən biri digər rəsmilərin ona zəng edərək növbəti hədəfin kim ola biləcəyini anlamağa çalışdıqlarını bildirib. NYT-nin digər mənbəsinin sözlərinə görə, Tehranda təşviş artır: çoxları hesab edir ki, İsrail rəhbərliyin əsas fiqurlarını məhv etməyincə dayanmayacaq.
“The Wall Street Journal” (WSJ) nəşrinin mənbələri isə iddia edir ki, İsrail kəşfiyyatının əməkdaşları ayrı-ayrı komandirlərlə əlaqə saxlayır, onları adları ilə çağıraraq özlərini və ailələrini hədələyirlər. Qəzet həmçinin İran polisinin yüksək rütbəli nümayəndəsi ilə “Mossad” agenti arasındakı dialoqu da dərc edib.
WSJ-nin məlumatına görə, Tehranda təhlükəsizlik qüvvələri yaşayış binalarına köçürülür, həmin binaların sakinləri isə təxliyə edilir. Nəşrin əldə etdiyi sənədlərdən bəlli olur ki, İsrail kəşfiyyat məlumatlarına əsasən İran xüsusi xidmət orqanları əməkdaşlarının və hərbçilərin olduğu obyektlərə zərbələr endirir.