ABŞ və bir qrup Yaxın Şərq ölkəsi martın 26-sı, cümə axşamı günü Tehranla yüksək səviyyəli sülh danışıqlarının keçirilməsi imkanını müzakirə edir, lakin hələ də İran tərəfindən cavab gözlənilir.
1xeber.media xəbər verir ki,bu barədə “Axios” nəşri məlumat yayıb.
ABŞ və İsraildəki mənbələrin məlumatına görə, Vaşinqton Tehrana müharibənin dayandırılmasına dair 15 bənddən ibarət mümkün saziş təklifi təqdim edib.
Qeyd olunur ki, sənəd ABŞ-ın Cenevrədəki son danışıqlar raundunda irəli sürdüyü tələblərin bir çoxunu özündə birləşdirir. Mənbələrin bildirdiyinə görə, Tehranın təkliflərin əksəriyyəti ilə razılaşdığı iddia olunur.
ABŞ-ın İrana qarşı əməliyyatdakı müttəfiqi olan İsrail isə Tehranla danışıqların uğurlu alınması ehtimalına skeptik yanaşır.
Mənbələrin verdiyi məlumata görə, İsrailin Baş naziri Netanyahu ABŞ prezidenti Donald Trampın İsrailin məqsədlərinə cavab verməyən, əhəmiyyətli güzəştləri nəzərdə tutan və ölkənin İrana zərbə endirmək imkanlarını məhdudlaşdıran bir saziş bağlaya biləcəyindən narahatdır.
Bu arada, bəzi İran rəsmiləri iddia edirlər ki, Tramp diplomatik tərəqqi barədə yalan bəyanatlar verməklə sadəcə dünya bazarlarını sakitləşdirməyə və öz hərbi planları üçün vaxt qazanmağa çalışır.
Bazar ertəsi günü ABŞ prezidenti Tehranla “məhsuldar” danışıqlardan sonra İranın elektrik stansiyalarına və enerji infrastrukturuna hərbi zərbələrin beş gün müddətinə dayandırıldığını elan edib.
Martın 24-də məlum olub ki, Pentaqon İrana qarşı əməliyyatlara dəstək vermək üçün Yaxın Şərqə elitar 82-ci hava-desant diviziyasından əlavə briqada döyüş qrupunu yerləşdirməyi planlaşdırır.