Вернуться назад Распечатать

AYNA-nın layihələri Bakını tıxacdan çıxaracaq, yoxsa?

Gündəlik olaraq onminlərlə insanın eyni saatlarda şəhər mərkəzinə doğru və ya yarımadanın fərqli tərəflərinə hərəkət etməsi əsas magistral yollarda ciddi sıxlıq yaradır.

Hazırda ətrafdan, xüsusilə də M4, M1, M3 – Ələt və ümumilikdə Bakıətrafı yollardan gələn, lakin əslində şəhər mərkəzinə daxil olmaq istəməyən sürücülər alternativ dəhlizlər olmadığı üçün məcburi tranzit olaraq mərkəzə daxil olmalı, yəni şəhərin əsas yollarından istifadə etməli olurlar.

Bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb. Bildirilib ki, mövcud yollar artıq tələbatı ödəyə bilmədiyi üçün sürücülər məcburiyyət qarşısında onsuz da həddindən artıq yüklənmiş mərkəzi arteriyalardan istifadə edirlər.

Dövlət Proqramında nəzərdə tutulan layihələrin əsas hədəflərindən biri də yol hərəkəti iştirakçılarının şəhər mərkəzinə və sıxlıq olan yollara daxil olmadan istədikləri istiqamətə rahat və fasiləsiz hərəkətini təmin etməkdir. Məhz bu məqsədlə hazırda 3 yeni irimiqyaslı strateji yolun inşası planlaşdırılıb.

Birinci vacib layihə Bilgəh–Novxanı–Xırdalan–M4 avtomobil yoludur. Bu nəhəng infrastruktur layihəsi Abşeron yarımadasının şimal-şərqindəki yaşayış məntəqələrini Bakı şəhərinə daxil olmadan birbaşa şimal istiqaməti və Bakı-Şamaxı-Yevlax magistralı ilə birləşdirəcək.

Beləliklə, şimal və qərb zonası ilə daha səmərəli nəqliyyat əlaqəsi qurulacaq. İkinci mühüm layihə Sabunçu və Sulutəpə qəsəbələrini birləşdirən dairəvi avtomobil yoludur. Bu yol yarımadanın şərqindəki Sabunçu rayonu ilə qərbdəki Sulutəpə qəsəbəsi arasında birbaşa və sürətli nəqliyyat əlaqəsi yaradacaq.

Sabunçu, Zabrat, Kürdəxanı, Sulutəpə və Binəqədi ərazilərində əhalinin sürətlə artdığı bir dövrdə bu yol yeni alternativ marşrut rolunu oynayacaq. Nəticədə nəqliyyat axını mərkəzi yollara daxil olmadan yönləndiriləcək və şəhərdaxili tıxaclar əhəmiyyətli dərəcədə azalacaq.

Üçüncü istiqamət isə Bakı Dairəvi−1 avtomobil yolu ilə Ziya Bünyadov prospektini əlaqələndirən dairəvi avtomobil yoludur. Məlumdur ki, hazırda Dairəvi-1 avtomobil yolu natamam olduğu üçün M1 yoluna, yəni Bakı-Sumqayıt şosesinə əlavə böyük yük düşür.

Bu birbaşa bağlantı sayəsində şəhərin əsas nəqliyyat arteriyalarının inteqrasiyası güclənəcək. Xırdalan və Sumqayıt istiqamətindən gələn nəqliyyat axını "20 Yanvar" dairəsinə daxil olmadan birbaşa metronun "Koroğlu" stansiyası istiqamətinə hərəkət edə biləcək. Bu da həm mərkəzi yolların, həm də Ziya Bünyadov prospekti üzərindəki nəqliyyat yükünü azaltmağa kömək edəcək.

Bu layihələrin vətəndaşlara qazandıracağı rahatlığı real nümunələr üzərindən göstərək:

Məsələn, Respublikanın şəhər və rayonlarından, xüsusilə də Müşfiqabad, 28 May qəsəbələrindən Bilgəh istiqamətinə getmək istəyən sürücülər Bilgəh–Novxanı–Xırdalan–M4 avtomobil yolundan istifadə etməklə şəhərə daxil olmadan bu səfəri yerinə yetirə biləcəklər.

Sulutəpədən Aeroport şosesinə çıxmaq istəyənlər isə Sabunçu və Sulutəpə qəsəbələrini birləşdirən dairəvi avtomobil yolunu seçərək tıxaca düşmədən, maneəsiz şəkildə hərəkət edəcəklər. Yaxud, Lökbatan qəsəbəsi ərazisində yerləşən “Binə” və “Sədərək” ticarət mərkəzlərindən Binə qəsəbəsi, metronun “Koroğlu” və ya “Əhmədli” stansiyaları istiqamətinə və ya əksinə getmək istəyən vətəndaşlar layihə çərçivəsində tamamlanacaq Bakı Dairəvi−1 avtomobil yolu ilə Ziya Bünyadov prospektini əlaqələndirən dairəvi avtomobil yolundan istifadə edərək şəhər mərkəzini yükləmədən, birbaşa və kəsintisiz şəkildə mənzilbaşına çatacaqlar.

Artıq Bilgəh–M4 avtomobil yolunun inşası aparılır, 2027-ci ildə isə bu magistralın istifadəyə verilməsi planlaşdırılır. Bu yolun ümumi uzunluğu təxminən 29 kilometr təşkil edəcək və 6 zolaqlı olacaq. Dövlət Proqramında nəzərdə tutulan bu 3 layihə vətəndaşların ümumi şəhər yollarına daxil olmadan və mərkəzi küçələrdən istifadə etmədən istədikləri istiqamətə rahat gediş-gəlişini təmin edəcək.

Bu layihələrin yekunlaşması ilə şəhər mərkəzinin və əsas magistralların yükü kəskin şəkildə azalacaqmı? Bakıda tıxac probleminin həlli üçün planlaşdırılan bu layihələr yetərli olacaqmı?

Mövzu ilə bağlı "Cebheinfo.az"-a açıqlamasında nəqliyyat eksperti Yasin Mustafayev bildirib ki, tıxac probleminin davamlı şəkildə azaldılması üçün insanlar daha çox ictimai nəqliyyatdan və alternativ hərəkət vasitələrindən istifadə etməlidirlər:

"Paytaxtda həyata keçirilən yol infrastrukturu layihələri ümumi tıxacın azaldılmasına xidmət etsə də, bu, bütün problemlərin birdəfəlik həll olunacağı anlamına gəlmir. Belə layihələr yalnız müəyyən müddət üçün yollarda yüngülləşmə yarada bilər.

Lakin zaman keçdikcə, nəqliyyat sıxlığının yenidən artması qaçılmazdır və əvvəlki vəziyyətə qayıtmaq mümkün olmur. Ümumiyyətlə, yol infrastrukturu layihələri daha çox müvəqqəti xarakter daşıyır". Onun sözlərinə görə, vətəndaşlar arasında maarifləndirmə işləri aparılmalıdır:

"Əsas həll yolu fərdi nəqliyyat vasitələrindən istifadənin azaldılması və ictimai nəqliyyatın daha geniş təşviq edilməsidir. Eyni zamanda, mikromobillik vasitələrinin – velosiped və skuterlərin istifadəsinin artırılması da vacibdir.

Dünyanın böyük şəhərləri məhz bu yanaşma ilə tıxac problemini həll edə biliblər. Azərbaycanda da bu istiqamətdə addımların atılması zəruridir. Nə qədər ki, vətəndaşlar gündəlik hərəkətlərində şəxsi avtomobillərə üstünlük verirlər, tıxac problemi də davam edəcək".

Ekspert qeyd edib ki, bununla yanaşı, həyata keçirilən layihələrin də əhəmiyyəti danılmazdır:

"Xüsusilə Bakı Dairəvi yolunun genişləndirilməsi, şəhərə müxtəlif istiqamətlərdən giriş-çıxışların təmin olunması, M1 və M4 magistrallarının əlaqələndirilməsi, eləcə də Bakı–Sumqayıt və Bakı–Şamaxı istiqamətlərinə qədər uzadılması mühüm addımlar hesab olunur.

Bütün bunlarla paralel olaraq, ictimai maarifləndirmə işlərinin aparılması da vacibdir. Vətəndaşlara izah edilməlidir ki, şəxsi avtomobilin olması hər yerə onunla getmək zərurəti yaratmır. İctimai nəqliyyatdan istifadə tıxacların azalmasına təsir edir".