Rusiyanın xaricə neft tədarükü imkanlarının təxminən 40%-i (günlük təxminən 2 milyon barrel) Ukraynanın hücumları və RF-nin "kölgə donanması" tankerlərinin saxlanılması nəticəsində müvəqqəti olaraq sıradan çıxıb.
1xeber.media xəbər verir ki,bu barədə martın 25-də "Reuters" agentliyi bazar məlumatları əsasında apardığı hesablamalara istinadən məlumat yayıb.
Agentliyin qiymətləndirməsinə görə, bu, Rusiyanın müasir tarixində neft tədarükünün ən ciddi pozulmasıdır. Bu axsaqlıq, ABŞ və İsrailin İrana qarşı müharibəsi fonunda neft qiymətlərinin barrel başına 100 dollardan yuxarı qalxdığı bir vaxtda baş verib. 2026-cı ilin martında Ukrayna dronlarının Baltik dənizindəki Primorsk və Ust-Luqa daxil olmaqla ixrac limanlarına hücumlarından sonra neft yükləmələri dayanıb. Qara dənizdəki Novorossiysk limanında da ixrac planlaşdırılan səviyyədən aşağı düşüb.
Yanvarın sonunda Rusiyanın Ukraynaya zərbələri nəticəsində dağılan və tranziti dayanan "Drujba" neft kəmərinin zədələnməsi də vəziyyətə əlavə təsir göstərib. Neft treyderlərinin "Reuters"ə verdiyi məlumata görə, Avropa ölkələri tərəfindən "kölgə donanması" tankerlərinin tez-tez saxlanılması da Murmanskdan gündəlik təxminən 300 min barrellik neft tədarükünü pozub.
Bununla belə, agentliyin məlumatına görə, Rusiyanın Çinə (günlük təxminən 1,9 milyon barrel) və Belarusa (təxminən 300 min barrel) neft tədarükü fasiləsiz davam edir. "Saxalin-1" və "Saxalin-2" layihələrindən də təxminən 250 min barrel səviyyəsində yükləmələr qorunub saxlanılır.