Hərbi-siyasi kabinetin iclasında İsrail Ordusunun (SAXAL) Baş Qərargah rəisi, general-leytenant Eyal Zamir siyasi rəhbərliyə ordunun böhranla üzləşdiyini və hökumətin qarşıya qoyduğu artan tapşırıqları yerinə yetirmək üçün kifayət qədər kadr resursuna malik olmadığını bildirib.
1xeber.media xəbər verir ki,bu barədə İsrailin 13-cü kanalı məlumat yayıb.
“İsrail Ordusu (SAXAL) çökür. Qarşınızda onlarla həyəcan təbili çalıram. Orduya hazırda hərbi çağırış, ehtiyatda xidmət və müddətli həqiqi hərbi xidmət müddətinin uzadılması haqqında qanunlar lazımdır. Tezliklə İsrail Ordusu (SAXAL) adi tapşırıqlarını icra etmək qabiliyyətini itirəcək və ehtiyat qüvvələr sistemi buna tab gətirməyəcək” - deyə Zamir bəyan edib.
Adının açıqlanmasını istəməyən hərbi mənbə jurnalistlərə bildirib ki, ordunun tapşırıqları daim artır - Livan, Qəzza, İudea və Samariya, uzaq ərazilər. İudea və Samariyada məskunlaşma yerlərinin sayının artması müsbət amil olsa da, bu, əlavə resurslar tələb edir.
Hökumət hərbi büdcəni sonsuz dərəcədə artırmağa hazırdır: artıq 142 milyard şekel ($44,8 milyard) ayrılıb və “müharibə daxilində müharibə” uzandıqca bu məbləğ artacaq.
İsrail Ordusuna (SAXAL) təcili çağırış vərəqələri ilə 450 minə qədər ehtiyatda olan hərbçini səfərbər etməyə icazə verilib, lakin Baş Qərargah onların hamısının hələ də dərhal xidmətə gələ biləcəyinə şübhə edir.