Son illər doğum sayında azalma həqiqətən də ciddi və düşündürücü tendensiyadır. Mən bu məsələ ilə bağlı əvvəlki çıxışlarımda da qeyd etmişəm ki, burada tək bir səbəb yoxdur, bu, kompleks sosial-iqtisadi proseslərin nəticəsidir.
1xeber.media xəbər verir ki,bu sözləri Tribuna.az-a millət vəkili Razi Nurullayev son illər ölkədə doğulan uşaqların sayının kəskin azalması problemindən danışarkən deyib. Deputat bildirib ki, ilk növbədə, iqtisadi faktorlar ön plana çıxır:
“Gənc ailələr üçün mənzil problemi, sabit və yetərli gəlirin olmaması, həyat xərclərinin artması insanları daha az uşaq sahibi olmağa vadar edir. İnsanlar artıq əvvəlki kimi çoxuşaqlı ailə modelinə iqtisadi baxımdan hazır deyillər.
Digər mühüm məsələ sosial və psixoloji amillərlə bağlıdır. Gənclər ailə qurmağa daha gec qərar verir, karyera və şəxsi inkişaf prioritetə çevrilir. Bu isə doğum yaşını artırır və nəticədə ümumi doğum sayına təsir edir.
Bundan əlavə, urbanizasiya prosesi də mühüm rol oynayır. Şəhər həyatında uşaq böyütmək kəndlə müqayisədə daha çətin və bahalıdır. Bu da ailələrin uşaq sayına yanaşmasını dəyişir.
Eyni zamanda, sosial təminat mexanizmlərinin yetərli səviyyədə olmaması da təsir edən amillərdəndir. Uşaq pulu, bağça əlçatanlığı, analıq və atalıq məzuniyyətlərinin şərtləri kimi məsələlər ailələrin qərarına birbaşa təsir edir”.
R. Nurullayev hesab edir ki, bu tendensiyanı dəyişmək üçün dövlət siyasətində gənc ailələrə daha geniş dəstək paketləri tətbiq olunmalı, xüsusilə mənzil, məşğulluq və sosial təminat sahələrində real və hiss olunan nəticələr əldə edilməlidir:
“Əks halda, doğum səviyyəsində azalma uzunmüddətli demoqrafik problemlərə gətirib çıxara bilər”.