1xeber.media xəbər verir ki,“Financial Times” nəşrinin məlumatına görə, BƏƏ Hörmüz boğazında fəaliyyət göstərə biləcək hər hansı çoxmillətli hərbi birliyə qoşulmağa və orada iştirak etməyə hazırdır.
Ölkə Bəhreynlə birlikdə BMT Təhlükəsizlik Şurasının bu cür əməliyyatların keçirilməsi üçün mandat verilməsi barədə qətnamə layihəsi üzərində də işləyir. Nəşr qeyd edir ki, söhbət “İranla müharibəyə başlamaqdan” getmir.
Bununla yanaşı, BƏƏ rəsmiləri bu planın Ər-Riyad tərəfindən dəstəklənməsi üçün Səudiyyə Ərəbistanı ilə danışıqlar aparır. Bəhreyn gəmiçiliyin bərpası planının həyata keçirilməsini qeyd-şərtsiz dəstəkləyib. Fars körfəzinin digər ölkələri isə ABŞ-ın ərəb dövlətlərini İranla üz-üzə qoyaraq “qəfil geri çəkilə biləcəyi” qorxusu amili daxil olmaqla, müəyyən səbəblərdən gələcək əməliyyatlarda iştirakla bağlı hələlik yekun qərar verməyiblər.
Nəşrin iki həmsöhbəti bildirib ki, region ölkələri enerji daşıyıcılarının quru yolu ilə Oman və ya Aralıq dənizinə çatdırılması üçün boru kəmərlərinin və dəmir yolu infrastrukturunun tikintisi layihələrini də sürətləndirə bilərlər.