Gürcüstan “ikinci Belarus”a çevrilə bilər - Britaniyada xəbərdarlıq edib sanksiyalara çağırıblar.
1xeber.media xəbər verir ki,bu qənaət İcmalar Palatası üçün Xarici Əlaqələr Komitəsinin hesabatında yer alıb.
“Hesabatda bildirilir ki, Komitə Gürcüstanda demokratiyanın davamlı şəkildə pisləşməsindən dərin narahatlığını ifadə edir. Mövcud kurs saxlanılarsa, ölkə Belarus kimi Rusiyanın təsir dairəsində olan köklü avtokratiyaya çevrilmək riski ilə üz-üzədir”.
Komitə həmçinin Gürcüstanın Aİ-yə üzvlüklə bağlı danışıqlarının dayandırılmasını, müxalifətə təzyiqləri, etirazların məhdudlaşdırılmasını pisləyib və “Gürcü Arzusu” hökumətini dezinformasiya yaymaqda ittiham edib.
Müəlliflərin fikrincə, “bu addımlar Rusiya modelini təkrarlayır və Tbilisi ilə Moskva arasında koordinasiyaya işarə edir”.
Komitə Britaniya hökumətini “Gürcü Arzusu” rəsmilərinə, eləcə də dezinformasiya yayan gürcü media strukturlarına qarşı yeni maliyyə və viza sanksiyaları tətbiq etməyə çağırıb.