İran döyüş taktikasına dəyişiklik edərək raket hücumlarının intensivliyini azaldıb və silahlardan daha qənaətlə istifadəyə əsaslanan “kiçik zərbələr” strategiyasına keçib.
1xeber.media xəbər verir ki,bu barədə “Financial Times” qəzeti yazır.
Tehran artıq kütləvi hücumlar əvəzinə raket buraxılışlarını gün ərzində paylayır. Bu üsul buraxılış qurğularının aşkar edilməsi riskini azaldır, resurslara qənaət edir və eyni zamanda rəqib üzərindəki təzyiqi saxlamağa imkan verir.
Ekspertlər qeyd edirlər ki, İran mövcud ehtiyatlarını daha uzun müddətə çatdırmaq üçün faktiki olaraq “sağ qalma strategiyasına” keçib. Eyni zamanda Tehran hələlik daha müasir bərk yanacaqlı raketlərdən istifadə etmir. Bu amil ya strateji ehtiyatların qorunması, ya da daimi müşahidə şəraitində həmin raketlərin tətbiqi ilə bağlı çətinliklərlə izah olunur.
İranın arsenalını bərpa etmək imkanları məhduddur. Anbarlara və istehsal obyektlərinə endirilən zərbələr silahların istehsal olunduğundan daha sürətlə tükənməsinə səbəb olur. Analitiklərin qənaətinə görə, Tehran atəşləri yalnız qısamüddətli perspektivdə davam etdirə bilər, lakin əvvəlki intensivliyə qayıtmaq artıq mümkün görünmür.