“Dinlərarası harmoniya: dinc birgəyaşayışın təşviqi” mövzusundakı beynəlxalq konfrans işini yekunlaşdırıb - YENİLƏNİB
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatı (ICESCO) və Azərbaycan Respublikasının Mərakeş Krallığındakı Səfirliyinin birgə təşkilatçılığı ilə dekabrın 17-də Rabat şəhərində keçirilən “Dinlərarası harmoniya: dinc birgəyaşayışın təşviqi” mövzusunda beynəlxalq konfrans işini panel sessiyalarla davam etdirib.
1xeber.media xəbər verir ki, Azərbaycan İlahiyyat İnstitutunun rektoru, ilahiyyat üzrə fəlsəfə doktoru, dosent Aqil Şirinovun moderatorluğu ilə “Dini birgəyaşayışda ən yaxşı təcrübələr. Dini tolerantlıq və birgəyaşayışın Azərbaycan modelinin tədqiqi, uğurlu təşəbbüslərin və təcrübələrin işıqlandırılması” mövzusunda keçirilən ikinci sessiyada çıxış edən Azərbaycan Respublikası Milli Məclisinin deputatı, İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa ölkəmizdə mədəniyyətlərarası dialoqun yüksək səviyyədə olduğuna diqqət çəkib.
Bildirib ki, multikulturalizm xalqımız üçün həyat tərzidir. Bu mühitin yaranması ölkə Konstitusiyasında dünyəvi dövlət və din münasibətlərinin doğru tənzimlənməsi ilə birbaşa əlaqəlidir. Ermənistanın 30 il işğalda saxladığı Azərbaycan torpaqlarında, eləcə də Ermənistanın ərazisində yüzlərlə məscid və mədəni irs nümunələrini məhv etdiyini diqqətə çatdıran F.Mustafa bu prosesin əsas təbliğatçılarının da məhz Erməni-qriqorian Kilsəsinə mənsub din xadimləri olduqlarını vurğulayıb.
İtaliya Respublikasının “Global Christian-Muslim-Marian Committee” təşkilatının rəhbəri Nadir əl-Akkad bildirib ki, sülhsevər ölkələr bəşəriyyətin qurtuluşunu dilindən, dinindən, milliyyətindən asılı olmayaraq, xalqların əmin-amanlıq şəraitində birgəyaşayışında görür. Bu baxımdan, dünyada örnək kimi qəbul edilən multikulturalizm və tolerantlığın Azərbaycan modeli mühüm siyasi məna daşıyır.
Dünyanın dinlərarası münasibətlər məsələsində ciddi problemlərlə üz-üzə olduğunu deyən Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının yepiskopu Aleksi (Smirnov) zorakılığa haqq qazandırmaq üçün çox vaxt dini ritorikadan istifadə edildiyini, radikalizm və ekstremizmin bunun təzahürü olduğunu bildirib. Azərbaycan dövlətinin din siyasətinin ən mühüm prinsiplərinin tolerantlıq, inanc və ibadətlərdəki fərqlərə hörmət bəsləmək olduğunu söyləyən yepiskop vurğulayıb ki, bu model ksenofobiya və radikalizmin artdığı müasir dövrdə neqativ çağırışlara qalib gəlməyin mümkün olduğunu sübut edir.
Heydər Əliyev Fondu Heydər Əliyev irsinin tədqiqi və təbliği şöbəsinin müdiri Cəmil Əliyev Fondun təhsil, səhiyyə, mədəniyyət, idman, elm və texnologiya, ekologiya, sosial və digər sahələrdə müxtəlif layihələr həyata keçirərək yeni cəmiyyət quruculuğunda fəal iştirak etdiyini, ölkənin sosial-iqtisadi inkişafına töhfə verdiyini diqqətə çatdırıb. Qeyd edib ki, Fondun əsas məqsədlərindən biri dini tolerantlığın bərqərar olmasına, qloballaşan dünyaya inteqrasiya prosesində milli-mənəvi dəyərlərin qorunub saxlanılmasına dəstək verməkdir.
“Zeytouni” Universitetinin professoru, Tunis Respublikasının keçmiş dini işlər naziri Abdeljalil Salem dünyanın mövcud problemlərinin həllində qarşılıqlı anlaşma və dialoqun önəmini diqqətə çatdırıb. O qeyd edib ki, dialoq dünyada əmin-amanlığa aparan alternativsiz yoldur və bütün cəmiyyətlər bu yolda həmrəylik göstərməlidirlər.
Avropa Yəhudilərinin Bakı dini icmasının ravvini Şneor Seqal uzun əsrlər boyu Azərbaycanda bir çox xalqların nümayəndələri arasında dostluq münasibətlərinin mövcud olması haqqında ətraflı məlumat verib.
Azərbaycanda Katolik Kilsəsinin Apostol Prefekturasının general vikarisi Yozef Marek çıxışında Xristianlığın ölkəmizdə yayılmasının tarixi və Roma Katolik Kilsəsi ilə Azərbaycan arasında tarixi münasibətlər haqqında danışıb. Qeyd edib ki, Azərbaycandakı katolik icması hər zaman Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın dəstəyini hiss edir.
Hər iki sessiya başa çatdıqdan sonra açıq müzakirələr aparılıb, auditoriyanın sualları cavablandırılıb və şərhlər dinlənilib.
ICESCO Baş direktoru Salim Əl-Malik "Dinlərarası harmoniya: Dinc birgəyaşayışın təşviqi" mövzusunda təşkil olunan beynəlxalq konfransın yekununda çıxış edərək bir neçə mühüm məsələni vurğulayıb. O, dinlərarası dialoqun və harmoniya prinsipinin müasir dünyada dinc birgəyaşayışın təmin edilməsi üçün əhəmiyyətini qeyd edib. Ayrıca, dinlərarası əməkdaşlığın həm mədəniyyətlərin qarşılıqlı anlayışını artırmağa, həm də zorakılığın və ekstremizmin qarşısının alınmasına yardımçı olduğunu ifadə edib. Salim Əl-Malik, bu cür beynəlxalq tədbirlərin, insanların bir-birini anlamaq və birgə yaşamaq üçün daha açıq və tolerant bir cəmiyyət qurmağa yönəlmiş mühüm addımlar olduğunu vurğulayıb.