
Azərbaycan tarixində unudulmaz, əbədi olaraq yaddaşlara həkk olunan günlər, tarixin
səhifəsindən silinməz anlar çoxdur. Son iki yüz ildə Azərbaycan tarixinə bir çox şanlı
səhifələrlə yanaşı, faciələr və soyqırım aktları ilə dolu səhifələr də yazılıb. Bu dəhşətli
hadisələrdən biri 1918-ci ilin mart-aprel aylarında yaşanan, Bakı Sovetinin mandatı altında
fəaliyyət göstərən daşnak-bolşevik silahlı dəstələri tərəfindən xüsusi qəddarlıqla törədilmiş
kütləvi qırğınlardır.
1918-ci ilin mart soyqırımları öz amansızlığına və miqyasına görə təkcə Azərbaycan
tarixində deyil, bəşər tarixində də ən qanlı faciələrdən biridir. Əllərinə düşən fürsətdən istifadə
edən ermənilər uşaq, qoca, qadın demədən minlərlə insanı qılıncdan keçirdilər, diri-diri
yandırdılar, Bakının böyük bir hissəsini xarabalığa çevirdilər. Azərbaycanlıların soyqırımı
təkcə Bakıda deyil, Şamaxı, Quba qəzalarında, Qarabağda, Zəngəzurda, Naxçıvanda,
Lənkəranda, Gəncədə və digər bölgələrdə xüsusi qəddarlıqla həyata keçirildi. Bu ərazilərdə
30 mindən çox azərbaycanlı qətlə yetirildi, 10 minlərlə insan öz torpaqlarından qovuldu, şəhər
və kəndlər yandırıldı, milli mədəniyyət abidələri dağıdılıb məhv edildi. On minlərlə
azərbaycanlı ilə yanaşı, minlərlə ləzgi, yəhudi, rus, avar və talış milliyyətinə mənsub insanlar
da bu soyqırımın qurbanı oldular.
Azərbaycanlılara qarşı yürüdülən bu soyqırım aktına ilk dəfə siyasi qiymət vermə cəhdi
Azərbaycan Xalq Cümhuriyyəti yarandıqdan sonra olunmuşdur. Lakin Cümhuriyyətin süqutu
bu sahədə başlanmış işi yarımçıq qoydu.
Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra xalqımızın tarixi keçmişinin
obyektiv mənzərəsini ortaya qoymaq imkanı yarandı, uzun illər gizli saxlanılan, üzərinə
qadağa qoyulmuş həqiqətlər bir-bir açılırdı.
Azərbaycan xalqına qarşı törədilmiş bütün soyqırım faciələrini qeyd etmək məqsədi ilə
1998-ci il martın 26-da Ulu Öndər Heydər Əliyev “Azərbaycanlıların soyqırımı haqqında”
Fərman imzalamışdır. Sözügedən Fərmanla martın 31-i “Azərbaycanlıların Soyqırımı Günü”
elan edilmişdir. Həmin Fərmanın icrasının ardıcıl və mütəşəkkil şəkildə həyata keçirilməsi ilə
bağlı Ulu Öndər Heydər Əliyev 30 mart 1999-cu ildə tədbirlər planı təsdiq etmişdir.
Ermənilərin azərbaycanlılara qarşı soyqırımları XX əsrin sonlarında bir daha
təkrarlandı. Millətçi-separatçı ermənilərin Azərbaycanda başlatdığı hərbi cinayətlərin nəticəsi
olaraq minlərlə soydaşımız şəhid oldu, bir milyondan çox insan öz doğma yurd-yuvalarından
didərgin salındı.
Ulu öndər Heydər Əliyev həmin tarixi Fərmanında ermənilərin azərbaycanlılara qarşı
düşünülmüş, planlı surətdə həyata keçirdiyi soyqırımı siyasətinin ayrı-ayrı mərhələləri diqqətə
çatdırılır. Qeyd olunur ki, Azərbaycan Xalq Cümhuriyyətinin varisi kimi Azərbaycan
Respublikası bu gün onun axıra qədər həyata keçirə bilmədiyi qərarların məntiqi davamı
olaraq soyqırımı hadisələrinə siyasi qiymət vermək borcunu tarixin hökmü kimi qəbul edir.
Sözügedən Fərmanla soyqırımı aktlarına siyasi-hüquqi qiymət verilməsi bu sahədə
aparılan tədqiqatlara, həqiqətin üzə çıxarılması istiqamətində səylərin artırılmasına təkan
verdi. Həmin tarixin öyrənilməsi istiqamətində mühüm işlər görülmüş, çoxlu əsərlər yazılmış
və əcnəbi dillərə tərcümə olunmuşdur.
Bu həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, Azərbaycan xalqının gələcək
nəsillərinin milli yaddaşının qorunması və soyqırımı qurbanlarının xatirəsinin əbədiləşdirilməsi
məqsədilə görülən böyük işlər, əsasını qoyduğu uğurlu siyasət Möhtərəm Prezidentimiz İlham
Əliyev tərəfindən bu gün də ləyaqətlə davam etdirilir. Cənab Prezidentin 30 dekabr 2009-cu il
tarixli Sərəncamı ilə Quba şəhərində “Soyqırımı memorial kompleksi“nin yaradılmasına qərar
verilmişdir. Memorial kompleks 2012-2013-cü illərdə inşa edilərək 2013-cü il sentyabrın 18-də
açılmışdır.
31 mart soyqırımı bəşəriyyət tarixində bir faciə kimi qalmaqla yanaşı, həm də
Azərbaycan tarixinin qəhrəmanlıq səhifəsidir. Xüsusilə də İkinci Qarabağ-Vətən
Müharibəsində Ali Baş Komandan, Böyük Sərkərdə İlham Əliyevin tapşırığını yerinə yetirən
müzəffər Azərbaycan Ordusunun qəhrəman övladları xalqımıza qarşı törədilmiş vəhşiliklərin,
soyqırımların qisasını aldı.
Bu hadisələr qədirbilən xalqımızın yaddaşından heç vaxt silinməyəcək, Azərbaycan
tarixində əbədi qalacaqdır.
Rauf Zeynalov,
Sabirabad şəhər sakini, təqaüdçü