Autizm bir neyroinkişaf pozuntusudur və dünyada autizmli şəxslərin sayı hər keçən gün artmaqdadır. Son araşdırmalara görə, hər 31 uşaqdan biri autizmli olaraq dünyaya gəlir. Bu, ciddi bir saydır. Qırmızı bayrağı əlimizə alaraq müdaxilə etməyin vaxtının gəlib keçdiyini göstərir.
Bunu 1xeber.media-ya açıqlamasında "Birgə və Sağlam" İctimai Birliyinin rəhbəri Aytən Eynalova deyib.
O, fikirlərinə belə davam edib: "Mənim də autizmli övladım var. Biz valideynlər olaraq ciddi təşvişə düşürük və onları cəmiyyətə necə inteqrasiya edəcəyimizin axtarışındayıq. 2008-ci ildən etibarən BMT-nin qərarı ilə 2 aprel Ümumdünya Autizm Maarifləndirmə Günü və aprel ayı ümumilikdə Ümumdünya Autizm Maarifləndirmə Ayı olaraq qeyd olunur. Bunun da məqsədi autizmli şəxslərə daha çox diqqət cəlb etmək və onların həyat keyfiyyətini artırmaq üçün hər bir qurumun əlindən gələni etməsini həyata keçirməklə yanaşı dünyada maarifləndirmə işi aparmaqdır. Biz də "Birgə və Sağlam" İctimai Birliyi olaraq 2013-cü ildən etibarən hər il autizmlə bağlı məlumatlandırma işləri aparır, övladlarımızın cəmiyyətə daha rahat inteqrasiya olunmasına çalışırıq. Bu gün də hər il olduğu kimi "Mavi işıqla işıqlandır" layihəsini icra edirik. Layihə çərçivəsində ölkənin ən tanınan abidə və binaları öz infrastruktur fəaliyyətində bizə dəstək olur, mavi rənglə işıqlanaraq autizmli insanların yanındayıq deyirlər. Bununla da cəmiyyətin diqqətini cəlb etmiş olurlar".