Rusiyalı könüllülərin komandiri Kreml üzərində bayraq ucaltmaq istədiyini bildirib.
Ukrayna tərəfində döyüşən rusiyalı könüllülərdən ibarət “Rus Könüllülər Korpusu”nun təsisçisi Denis Kapustin bəyan edib ki, korpusun bayrağının Kreml üzərində qaldırılmasını Rusiya üzərində qələbə sayacaq.
“Başa düşüləndir ki, hər şeydə Rusiyanın prezidenti Vladimir Putinin günahkar olduğunu demək, sonra da onun harasa yox olacağını, bütün Rusiya hərbçilərinin işğal olunmuş ərazilərdən çıxıb gedəcəyini düşünmək, həmçinin Rusiyanın dərinliklərindən işğal olunmuş ərazilərə gətirilən bütün o administrasiyanın ayağa qalxıb üzr istəyəcəyini, yerə qədər baş əyib yenidən Sibirə, Uzaq Şərqə qayıdacağını söyləmək axmaqlıq, sadəlövhlük və yanlışdır. Aydındır ki, bu baş verməyəcək. Ona görə də bunun Putinin müharibəsi olduğunu, hər şeydə onun günahkar olduğunu və o aradan çıxan kimi hər şeyin bitəcəyini demək çox axmaq və sadəlövhdür”.
“Mən düşünürəm ki, hər bir halda ilkin məsələ tribunal və lüstrasiya olacaq. Tribunal beynəlxalq olmalıdır, çünki Rusiya təcavüzündən zərər çəkənlərin sayı olduqca çoxdur”.
“Allah eləsin ki, tribunal vaxtı gələnədək Rusiya təcavüzündən zərər görmüş başqa ölkələr və xalqlar olmasın. Buna görə hesab edirəm ki, tribunal beynəlxalq, maksimum dərəcədə şəffaf və ədalətli olmalıdır”.
“Bununla paralel şəkildə, sonra və ya eyni vaxtda, maksimal lüstrasiya həyata keçirilməlidir. Hakimiyyətin bütün qolları Putin hakimiyyətinə və onun rejiminə sadiq olanlardan, həmçinin bizim qələbəmizdən sonra qaçılmaz şəkildə çoxluq təşkil edəcək revanşistlərdən təmizlənməlidir. Mən bu qələbəyə inanıram, ona əminəm, amma bu, birmənalı olaraq çox uzun və çox ağrılı proses olacaq”, - Kapustin gələcəklə bağlı baxışını bölüşüb.