Həbsdə olan İstanbul meri Əkrəm İmamoğlunun da adının keçdiyi məhkəmə işi üzrə aralıq qərar çıxarılıb.
1xeber.media xəbər verir ki,İstanbulun 40-cı Ağır Cinayətlər Məhkəməsində korrupsiya ittihamları üzrə baxılan və 107 nəfərin təqsirləndirilən şəxs kimi yer aldığı prosesin 15-ci günündə 18 nəfərin azadlığa buraxılması barədə qərar verilib.
Azadlığa çıxanlar arasında İmamoğlunun köməkçisi Kadriye Kasapoğlu da var.
Sərbəst buraxılan şəxslərə ölkədən çıxış qadağası qoyulub.
Həbsdə olan CHP-dən bələdiyyə sədrləri, o cümlədən Əkrəm İmamoğlu, Rəsul Əmrəh Şahan və Mehmet Murat Çalık barəsində isə azadlığa buraxılma qərarı verilməyib.
Qeyd edək ki, martın 31-də təqdim olunan rəydə prokuror yeddi təqsirləndirilən şəxsin azadlığa buraxılmasını istəmişdi.
İttiham tərəfi həbsdə qalma müddətini, eləcə də irəli sürülən ittihamların xarakteri və ağırlığını nəzərə alaraq, həmin şəxslərin bu mərhələdə azadlığa buraxılmasını istəyib, digər fiqurantların isə həbsdə saxlanılmasında israr edib.
Lakin məhkəmə əlavə olaraq daha 11 nəfərin də azadlığa buraxılması barədə qərar qəbul edib.