ABŞ-ın İranla müharibəsi uzaqmənzilli raketlərin strateji ehtiyatlarını “yeyib bitirir”.
1xeber.media xəbər verir ki,Bloomberg agentliyinin məlumatına görə, ABŞ İrana qarşı hərbi kampaniya çərçivəsində demək olar ki, bütün JASSM-ER uzaqmənzilli və az görünən qanadlı raket ehtiyatlarını səfərbər edir.
Mənbələrin bildirdiyinə görə, raketlər Sakit okean bölgəsi də daxil olmaqla digər istiqamətlərdən ABŞ Mərkəzi Komandanlığının bazalarına və Avropaya daşınır. Müharibədən əvvəl mövcud olan 2300 vahidlik arsenalın bu addımlardan sonra dünyanın digər regionları üçün cəmi 425 ədədinin qala biləcəyi qeyd olunur.
Vurğulanır ki, münaqişənin ilk həftələrində ABŞ məsafədən zərbələr endirməklə şəxsi heyət üçün riskləri minimuma endirmək məqsədilə artıq 1000-dən çox belə raketdən istifadə edib. Lakin bu, Çin də daxil olmaqla digər potensial rəqiblərin qarşısını almaq üçün nəzərdə tutulan silah ehtiyatlarının azalmasına səbəb olur. “Lockheed Martin” şirkətinin raket istehsalı itkiləri sürətlə bərpa etməyə imkan vermir, ehtiyatların yenidən toplanması isə illər çəkə bilər.