İranın ballistik raketləri getdikcə daha tez-tez İsrailin hava hücumundan müdafiə (HHM) səddini yararaq hədəflərə çatır.
SEPAH həm vurulması çətin olan kasetli döyüş başlıqlarından, həm də yüzlərlə kiloqram çəkisi olan raketlərdən istifadə edir.
1xeber.media yerli KİV istinadla xəbər verir ki,İsrail hakimiyyəti əsas diqqəti mülki ərazilərin zərər çəkməsinə yönəltsə də, strateji və hərbi obyektlərin vurulması barədə məlumatlar ciddi senzuraya məruz qalır və gecikmə ilə yayılır. Belə ki, hücumdan bir neçə gün sonra məlum olub ki, Petaq-Tikva şəhərində PUA, pilot dəbilqələri və aviasiya bombaları üçün komponentlər istehsal edən “Aero Sol” zavodu 400 kq-lıq raket zərbəsi ilə tamamilə məhv edilib.
Bundan əlavə, kimya zavodlarının yerləşdiyi Beer-Şeva və Hayfa şəhərlərinin sənaye zonalarında da birbaşa raket zərbələri qeydə alınıb.
Mütəxəssislər qeyd edirlər ki, İsrailin HHM sistemləri hazırda öz imkanlarının həddində işləyir. Eyni zamanda, ehtiyatların məhdud olması və yaxınlaşan qıtlıq səbəbindən İsrail hərbçiləri bahalı raket-preyerdicilərə qənaət etmək məcburiyyətində qalırlar. Bu isə İran raketlərinin müdafiəni yararaq hədəfə çatması hallarını artırır.