Вернуться назад Распечатать

İran Səudiyyə Ərəbistanı və BƏƏ-ni mehriban qonşuluq prinsiplərinə əməl etməyə çağırıb

İranın BMT-dəki daimi nümayəndəsi Əmir Səid İravani BMT Təhlükəsizlik Şurasına və Baş katibinə ünvanladığı iki ayrı məktubda Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərini (BƏƏ) mehriban qonşuluq prinsiplərinə riayət etməyə və öz ərazilərindən İrana qarşı istifadə olunmasına icazə verməməyə çağırıb.

"Dövlətlərin öz ərazilərini üçüncü dövlətin ərazisinə qarşı təcavüz aktları və silahlı hücumlar törətmək üçün istifadəyə verməsi halında yaranan beynəlxalq məsuliyyətini nəzərə alaraq, İran İslam Respublikası qeyd olunan qanunsuz hərəkətlərlə bağlı qəti və kəskin etirazını bildirir", - deyə səfir bazar ertəsi yerli vaxtla BMT-nin Baş katibi Antonio Quterreşə və Təhlükəsizlik Şurasının sədrinə ünvanladığı məktublarda qeyd edib.
İravani vurğulayıb ki, İran İslam Respublikası Səudiyyə Ərəbistanı və BƏƏ-ni mehriban qonşuluq prinsiplərinə əməl etməyə və gələcəkdə öz ərazilərindən İrana qarşı istifadə olunmasına yol verməməyə israrla çağırır.
Səfir həmçinin qeyd edib ki, mehriban qonşuluq prinsipinə və hər iki ölkənin suverenliyinə hörmətlə yanaşan İran İslam Respublikası öz suverenliyini, ərazi bütövlüyünü və siyasi müstəqilliyini qorumaq üçün bütün zəruri tədbirləri görmək, o cümlədən ayrılmaz özünümüdafiə hüququnu həyata keçirmək hüququnu özündə saxlayır.