Azərbaycan və Gürcüstanın beynəlxalq təşkilatlar çərçivəsində də bir-birinin suverenliyi
və ərazi bütövlüyünü daim dəstəkləməsi münasibətlərin strateji səviyyəsini təsdiqləyən əsas
amillərdəndir. Bu qarşılıqlı dəstək regional sabitliyin qorunmasına və beynəlxalq arenada
mövqelərin gücləndirilməsinə xidmət edir.
İkitərəfli münasibətlər qarşılıqlı hörmət, etimad və ortaq maraqlara əsaslanaraq region
üçün nümunəvi model kimi təqdim edilir. Prezident İlham Əliyevin qonşu ölkəyə dövlət səfəri,
liderlərin mətbuata birgə bəyanatında xüsusi yer tutan məsələlərdən biri iqtisadi əməkdaşlıq
idi. Gürcüstanda mövcud olan əlverişli investisiya mühiti Azərbaycan kapitalının bu ölkəyə
yönəlməsini stimullaşdırır. Gələcəkdə üçüncü ölkələrdə birgə investisiya layihələrinin həyata
keçirilməsi perspektivi Bakı-Tbilisi tandeminin regional iqtisadi aktor kimi rolunu daha da
gücləndirə bilər.
Prezident İlham Əliyevin bəyanatında diqqət çəkən əsas məqamlardan biri Cənubi
Qafqazda formalaşan yeni geosiyasi reallıqlarla bağlıdır. Dövlət başçısı artıq münaqişə
məkanından əməkdaşlıq və sabitlik zonasına çevrildiyini qeyd edərək, bu imkanların
dəyərləndirilməsinin vacibliyini vurğuladı. Burada region ölkəsi kimi Gürcüstanın rolu xüsusi
qeyd olunur. Xüsusilə Azərbaycanla Ermənistan arasında ticarətin Gürcüstan üzərindən
həyata keçirilməsi bu ölkənin regional sabitlik və iqtisadi inteqrasiyada effektiv vasitəçi rolunu
göstərir.
Görünən budur ki, Azərbaycanın enerji siyasəti və Gürcüstanın tranzit imkanları
regionun qlobal əhəmiyyətini artıran əsas faktorlardandır. Cənub Qaz Dəhlizi, Bakı-Tbilisi-
Ceyhan kimi layihələr yalnız iqtisadi deyil, həm də geosiyasi baxımdan mühüm əhəmiyyət
kəsb edir. Bununla yanaşı, Orta Dəhliz layihəsi iki ölkəni Avropa ilə Asiya arasında əsas
nəqliyyat körpüsünə çevirir. Azərbaycan Prezidentinin də qeyd etdiyi kimi, bu dəhliz artıq
“əsas nəqliyyat damarı” funksiyasını daşıyır və onun genişləndirilməsi prioritet
istiqamətlərdəndir. Orta Dəhliz layihəsi çərçivəsində həyata keçirilən infrastruktur layihələri –
dəmir yolları, limanlar və logistika mərkəzləri Azərbaycan və Gürcüstan iqtisadiyyatına ciddi
töhfələr verir. Bu layihələr yeni iş yerlərinin yaradılmasına, biznes mühitinin yaxşılaşmasına və
xarici investisiyaların artmasına səbəb olur. Bir sözlə, Orta Dəhliz layihəsi Azərbaycan və
Gürcüstanın beynəlxalq arenadakı rolunu əhəmiyyətli dərəcədə gücləndirir. Bu ölkələr yalnız
region daxilində deyil, həm də Avrasiya məkanında mühüm tərəfdaş kimi qəbul olunur. Layihə
çərçivəsində qurulan əməkdaşlıq platformaları siyasi dialoqu genişləndirir və regionda
sabitliyin möhkəmlənməsinə xidmət edir.
Xüsusilə, Bakı-Tbilisi-Qars dəmir yolu kimi təşəbbüslər regionun logistika potensialını
artıraraq, onu beynəlxalq investorlar üçün daha cəlbedici edir.
Prezident İlham Əliyevin Tbilisidə səsləndirdiyi fikirlər Azərbaycan-Gürcüstan
münasibətlərinin yalnız mövcud vəziyyətini deyil, həm də gələcək prioritetlərini ortaya qoyur.
Dostluq prinsiplərinə əsaslanan bu münasibətlər qtisadi, siyasi və strateji maraqlar əsasında
möhkəmləndirilir.
Beləliklə, Azərbaycan və Gürcüstan arasında formalaşmış əməkdaşlıq modeli regionda
sabitliyin, inkişafın və qarşılıqlı faydalı tərəfdaşlığın ən uğurlu nümunələrindən biri kimi çıxış
edir.
Keçirilən görüşlər və verilən bəyanatlar göstərir ki, tərəflər qarşılıqlı maraqlara
əsaslanan əməkdaşlığı daha da genişləndirməkdə qərarlıdırlar. Bu isə yalnız iki ölkə üçün
deyil, bütövlükdə region üçün mühüm strateji əhəmiyyət daşıyır.
İntiqam Abdullayev,
“Sabirabad Xəbər” saytının təsisçi drektoru