Вернуться назад Распечатать

Məzahir Pənahov Viktor Orbanın seçkisini müşahidə edəcək

Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahovun rəhbərlik etdiyi nümayəndə heyəti Macarıstana səfərə yola düşüb.

Komissiyanın Katibliyinin Media və kommunikasiya şöbəsindən “Yeni Sabah”a verilən xəbərə görə, səfər Macarıstan Milli Seçki Bürosunun prezidenti Nagy Attilanın dəvəti əsasında həyata keçirilir.

Nümayəndə heyətinin səfərinin məqsədi aprelin 12-də Macarıstanda keçiriləcək parlament seçkilərini müşahidə etməkdir.

Səfər proqramına əsasən, MSK sədri M.Pənahovun həmkarı A.Nagy və digər rəsmi şəxslərlə, habelə seçkilərin müşahidəsinə qatılan müxtəlif ölkələrin ali seçki qurumlarının rəhbərləri ilə görüşlər keçirməsi planlaşdırılır. Görüşlər zamanı seçki idarəçiliyi sahəsində təcrübə mübadiləsi, əməkdaşlıq əlaqələrinin genişləndirilməsi perspektivləri və qarşılıqlı maraq doğuran digər məsələlərlə bağlı müzakirələr aparılması nəzərdə tutulur.

MSK nümayəndələri paytaxt Budapeştdə seçkiqabağı hazırlıq prosesi ilə tanış olacaq, həmçinin seçki günü məntəqələrdə səsvermənin gedişini müşahidə edəcək.

Qeyd edək ki, Mərkəzi Seçki Komissiyası Macarıstanda parlament seçkilərinin müşahidəsində ATƏT/DTİHB-nin müşahidə missiyasının tərkibində də təmsil olunur.

Xatırladaq ki, Macarıstanda aprelin 12-də keçiriləcək parlament seçkilərində Baş nazir Viktor Orbanın əsas rəqibi Piter Magyar və onun rəhbərlik etdiyi "Tisza" (Hörmət və Azadlıq) Partiyasıdır. Uzun illərdir hakim "Fidesz" Partiyasına yaxın şəxs və keçmiş diplomat olan Magyar son bir il ərzində ölkənin ən güclü müxalifət liderinə çevrilərək V.Orbanın 16 illik hakimiyyəti üçün ciddi təhlükə yaradıb. Seçki öncəsi bir çox rəy sorğularında “Tisza” hakim “Fidesz” Partiyasını cüzi fərqlə üstələyir.