Pakistan hakimiyyəti yaxın həftəsonuna planlaşdırılan ABŞ və İran nümayəndələrinin diplomatik görüşü ərəfəsində paytaxtda hərəkətə ciddi məhdudiyyətlər tətbiq edib.
Şəhər xidmətləri əsas nəqliyyat arteriyalarını dəniz konteynerləri ilə bağlayıb, hətta tikanlı məftildən barrikadalar da qurub. İslamabadın bütün ərazisində küçələrdə patrul xidməti və hökumət obyektlərinin mühafizəsi üçün əlavə təhlükəsizlik qüvvələri yerləşdirilib.
Xüsusi mühafizə rejimi xarici nümayəndə heyətlərinin yerləşdirilməsi üçün müəyyən edilmiş “Serena” hotelinin ətrafında üç kilometrlik radiusda tətbiq olunub. Həmin ərazi kənar şəxslər və nəqliyyat üçün tamamilə bağlanıb.
Bundan əlavə, yerli hakimiyyətin qərarı ilə paytaxta bitişik təpələrdə yerləşən və görüşlərin keçiriləcəyi zonaya açılan piyada marşrutları və müşahidə meydançaları da ziyarət üçün bağlanıb.