Вернуться назад Распечатать

Hikmət İbrahimli vəzifəsindən ayrılıb

Uzun müddət İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyində Tibbi planlama departamentinin rəhbəri vəzifəsində çalışmış Hikmət İbrahimli vəzifəsindən ayrılıb.

1xeber.media İqtisadiyyat.az-a istinadla  xəbər verir ki, bu vəzifədən əvvəl Hikmət İbrahimli Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda Səhiyyənin təşkili və menecmenti kafedrasının müdiri vəzifəsində çalışmışdır.

O, 2020-ci ildə TƏBİB-in yaradılmasında fəal iştirak edib, COVİD pandemiyasının ilk günlərindən etibarən karantin və pandemiya dövründə gecə-gündüz çalışaraq tibbi qərargahın üzvü olub. Eyni zamanda, Nazirlər Kabineti nəzdində pandemiya ilə mübarizə məqsədilə yaradılmış ikinci qərargahın da üzvü kimi fəaliyyət göstərib.
44 günlük Vətən müharibəsi dövründə tibb xidmətinin təşkilində yaxından iştirak edib, ölkədə əlillik siyasətinin formalaşdırılmasına töhfə verib. Həkim-məsləhət komissiyalarının yenidən formalaşmasının, onların fəaliyyətinin təkmilləşdirilməsi, təlim və treninqlərin təşkili istiqamətində mühüm işlər görüb, komissiyaların sayının optimallaşdırılması və iş prosesinin daha səmərəli qurulmasına nail olub.

Müharibədən sonra qazilərimizin tibbi xidmətlərə cəlb olunması üçün xüsusi sistemin yaradılması və tətbiqini təşkil edib, qazilərimizin yüksək səviyyəli tibbi xidmətlərin təşkilini təmin edib. Səfərbərlik sistemində yeni həkim komissiyalarının yaradılması və təşkilində də fəal rol oynayıb.

Bundan əlavə, göndərişlər sistemində QR kodların tətbiqi, göndəriş şöbələrinin videomüşahidə sistemləri ilə təmin olunması kimi yeniliklərin həyata keçirilməsini təşkil edib, müştərək xidmət modelinə keçid üzrə təqdimatlar verib.

2023-cü ildə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən səhiyyə sahəsində xidmətlərinə görə “Səhiyyə əlaçısı” döş nişanı ilə təltif olunmuşdur.

Hikmət İbrahimli Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının 19 aprel 2024-cü il tarixli qərarı ilə professor elmi adına layiq görülüb

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən ayrıldıqdan sonra o, Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Səhiyyənin təşkili və menecmenti kafedrasında elmi və pedaqoji fəaliyyətini davam etdirir.

Xatırladaq ki, Prezident İlham Əliyev ötən ay əhalinin icbari tibbi sığortası sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bir sıra tədbirlər haqqında Fərman imzalayıb.
Fərmanla İTSDA və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsin birləşmə formasında yenidən təşkili yolu ilə nazirliyin tabeliyində Dövlət Tibbi Sığorta və Ekspertiza Agentliyi (DTSEA) publik hüquqi şəxs yaradılıb.
İTSDA-nın əhalinin icbari tibbi sığortası sahəsində səlahiyyətləri nazirliyə həvalə edilib. Nazirlər Kabinetinə zəruri tədbirlər görülməsini təmin etmək və təkliflərini üç ay müddətində hazırlayıb Prezidentə təqdim etmək tapşırılıb. Hazırda İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin fəaliyyəti davam edir, birləşmə prosesi aparılır.