Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) rektoruna yeni məsləhətçi təyin edilib.
1xeber.media xəbər verir ki,“Yeni Sabah”ın əldə etdiyi xəbərə görə, bu barədə ali məktəbin rektoru, professor Ədalət Muradov müvafiq əmr imzalayıb.
Əmrə əsasən, iqtisad elmləri üzrə fəlsəfə doktoru, dosent Eldar Azadov UNEC rektorunun tədris-metodiki məsələlər üzrə məsləhətçi vəzifəsinə gətirilib.
O, indiyədək ali məktəbin Tədrisin Metodiki və Keyfiyyət Təminatı Mərkəzinin direktoru olub.
Qeyd edək ki, Eldar Həsənxan oğlu Azadov 15 iyun 1954-cü il ildə Zəngilan rayonunda anadan olub. 1970-ci ildə 2 saylı Zəngilan şəhər orta məktəbini, 1976-cı ildə Azərbaycan Dövlət Universitetinin “tətbiqi riyaziyyat” fakultəsini bitirmiş, 1976-1983-cü illərdə Azərbaycan Respublikası Elmlər Akademiyasının Kibernetika institutunda işləmişdir. 1977-1978-ci illərdə Litva Respublikasının Dövlət Plan Komitəsinin İqtisadiyyat institutunda staj keçmiş, 1980-1983-cü illərdə Azərbaycan Elmlər Akademiyasının Kibernetika institutunun aspiranturasına daxil olmuş və oxuduğu müddətdə (1981-1983-cü illər) Moskva İdarəetmə İnstitutuna ezam olunmuşdur.
1984-1988-ci illərdə Elmlər Akademiyasının Avtomatlaşdırılmış İdarəetmə Sistemləri (AİS) şöbəsində, 1988-1991-ci illərdə Bakı Ali Partiya Məktəbində müxtəlif vəzifələrdə işləmiş, 1991-1999-cu illərdə Bakı Sosial İdarəetmə və Politologiya institunda baş müəllim, dosent, kafedra müdiri, dekan vəzifələrində çalışmışdır. 1999-cu ildən 03.04.2014-cü il tarixə qədər Prezident yanında Dövlət İdarəçilik Akademiyasında kafedra müdiri, dekan vəzifələrində çalışmışdır. 3 aprel 2014-cü il tarixdən Azərbaycan Dövlət İqtisad Universitetinin Tədris-Metodiki Mərkəzin direktoru vəzifəsində çalışıb.
Prezident İlham Əliyevin 24 sentyabr 2020-ci il tarixli Sərəncamı ilə Azərbaycan Dövlət İqtisad Universitetinin 90 illiyi münasibətilə və Azərbaycanda təhsilin inkişafındakı xidmətlərinə görə 3-cü dərəcəli “Əmək” ordeni ilə təltif edilib.
40-a yaxın elmi məqalənin, o cümlədən, “Oyunlar nəzəriyyəsi” (dərs vəsaiti, 1995), “Bələdiyyələr yerli idarəetmənin təşkilati formasıdır” (1998), “Azərbaycan bələdiyyələri: ilk təcrübə, əsas problemlər və inkişaf perspektivləri” (2004), “Dövlət idarəetməsində islahatlar: nailiyyətlər, problemlər, perspektivlər” (2005), “Dövlət idarəçiliyi: izahlı lüğət” (2006), “Dövlət idarəçilik nəzəriyyəsi” (dərslik, 2010) kimi 6 kitabın müəlliflərindən biridir.
1993-cü ildə “Şəhərin və şəhər təsərrüfatının inkişafının proqnozlaşdırılması üçün imitasiya modelinin işlənib hazırlanması” mövzusunda dissertasiya işini müdafiə edərək iqtisad elmləri namizədi alimlik dərəcəsinə, dosent elmi adına layiq görülmüşdür. Yerli özünüidarəetmə, dövlət idarəçiliyi sahəsində elmi tədqiqatlarla məşğuldur.
Prezident İlham Əliyevin 10 sentyabr 2009-cu il tarixli sərəncamı ilə E.Azadov Azərbaycan təhsilinin inkişafındakı xidmətlərinə görə “Tərəqqi” medalı ilə təltif olunub.