Türkiyə 2040-cı ilə qədər tütün məhsullarından tam imtinanı nəzərdən keçirir.
1xeber.media Türkiyə mətbuatına istinadən xəbər verir ki, hakim Ədalət və İnkişaf Partiyası (AKP) bununla bağlı qanun layihəsini Böyük Millət Məclisinə təqdim edəcək.
Layihə ictimai ərazilərdən ictimai nəqliyyat vasitələrinə qədər geniş bir çərçivədə yeni qadağaların tətbiqini, qaydalara əməl etməyənlərin yüksək məbləğdə cərimələnməsini nəzərdə tutur. Layihəyə görə, tütün məhsullarının istifadəsi dövlət qurumları, təhsil və səhiyyə müəssisələri, uşaqların olduğu ərazilər və açıq hava tədbirlərində ciddi şəkildə məhdudlaşdırılacaq.
Qida-içki xidməti göstərilən yerlərdə ümumi qadağa tətbiq olunacaq, siqaret çəkilən xüsusi sahələrə isə qida-içki xidmətinin göstərilməməsi, 18 yaşından kiçik uşaqların buraxılmaması nəzərdə tutulur. Bundan əlavə, siqaretin nağd pulla satışı da dayandırılacaq. Ölkədə taksilər də daxil olmaqla, bütün ictimai nəqliyyat vasitələrində siqaret çəkilməsi tamamilə qadağan olunacaq.
Tənzimləmənin effektivliyini artırmaq məqsədilə xüsusi “tütün nəzarət qrupları”nın yaradılması planlaşdırılır.
Layihə 2040-cı il yanvarın 1-dən etibarən tütün məhsullarının bazardan tamamilə çıxarılmasını hədəfləyir.
Tənzimləmə çərçivəsində elektron siqaret, qızdırılmış tütün məhsulları və nikotin tərkibli məhsullar tütün məhsulu hesab olunacaq.