Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin sabiq rəisi Raqif Abbasov və eyni idarənin maliyyə-iqtisadiyyat sektorunun müdiri Eldəniz Qulamovun məhkəmə istintaqı yekunlaşmaq üzrədir.
1xeber.media xəbər verir ki,“Qafqazinfo”nun məlumatına görə, bugünkü prosesdə ittiham tərəfinin sonuncu şahidləri ifadə verib.
Prosesdə dindirilən şahidlər sırasında güllə atıcılığı üzrə dünya çempionu, Olimpiya mükafatçısı İradə Aşumova və onun tələbəsi Nəzrin Abbaslı da olub. Onlar ikisi də məcburi gətirilmə barədə qərar qəbul edildikdən sonra, polisin icrası ilə məhkəməyə gəliblər. Aşumova və tələbəsi yarışlarda qalib gələn idmançılara dövlət vəsaiti hesabına pul mükafatlarının mənimsənilməsi epizodu ilə bağlı sorğu-sual ediliblər.
Olimpiya çempionu deyib ki, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin keçirdiyi yarışların birində işirak edib. Bunun qarşılığında da ona mükafat kimi cəmi 30 manat pul verilib.
Eyni məbləğdə mükafat da Nəzrin Abbaslıya çatıb. Gənc idmançı deyib ki, yarışlara İradə Aşumovanın rəhbərliyi ilə qatılıb: “İlkin istintaq zamanı müstəntiq qarşıma protokol qoydu ki, yarışda sənə pul verilib. Mən də 30 manat mükafat aldığımı təsdiq etdim”.
Prosesin sonunda Raqif Abbasovun vəkili Ruzi Səmədov Bakı Şəhər Gənclər və İdman Baş İdarəsində işləyən 16 nəfərin- Yusifov Aydın Mayıl oğlu, Hüseynov Məmməd Ələsgər oğlu, Şahbazov İlkin İntiqam oğlu, Nurməmmədov Tural İbrahim oğlu, Sultanova Valentina Nikolayevna, Korjova Tatyana Senyonovna, Qurbanov Emil Sərraf oğlu, Cabbarov Cəmil Fikrət oğlu, Quliyev Nurəddin Xankişi oğlu, Əsgərov Azad Əsgər oğlu, Hüseynov Mobil Rəsul oğlu, Məmmədov Əziz Əli oğlu, Abbasov Elçin Əzizəli oğlu, Tahir Tahirov, Elçin Bədəlov və Asim Vəliyevin əlavə şahid kimi məhkəmədə dindirilməsini istəyib.
Hakimlər bu günə qədər dindirilən şahidlərin yetərli olduğunu əsas gətirərək vəsatəti təmin etməyib.
Proses aprelin 29-u cinayət işi materiallarının tədqiqi ilə davam edəcək. Ardınca prokuror təqsirləndirilən şəxslərə cəza istəyəcək.
Qeyd edək ki, Raqif Abbasov və Eldəniz Qulamov həbsdə deyil, onlar sərbəst mühakimə edilirlər. Hazırkı vaxta qədər dəymiş ziyanın böyük hissəsi ödənilməyib. Nazirlik təqsirləndirilən şəxslərə qarşı 771 min 255 manatlıq mülki iddia qaldırıb.
Təqsirləri sübuta yetirilsə, onları 14 ilə kimi azadlıqdan məhrumetmə cəzası gözləyir.
Qeyd edək ki, tanınmış idmançı İradə Aşumova Azərbaycan atıcılıq millisinin baş məşqçisidir.