Вернуться назад Распечатать

Yayda meyvələr kəskin bahalaşacaq

Ötən gün ölkənin bir sıra bölgələrində, xüsusilə dağlıq və dağətəyi ərazilərdə müşahidə olunan qar artıq təsirsiz ötüşməyib. İlkin məlumatlara görə, bəzi ərazilərdə çiçəkləmə mərhələsində olan meyvə ağacları zərər görüb. Bu isə kənd təsərrüfatında məhsuldarlıqla bağlı suallar yaradır.

Demokrat.az-a açıqlama verən iqtisadçı Natiq Cəfərli bildirib ki, hava şəraitinin kənd təsərrüfatına birbaşa təsiri var:

“Soyuq, yağışlı və qarlı hava şəraiti meyvəçilik və tərəvəzçilik sahələrinə ciddi ziyan vurur. Bununla bağlı ilk növbədə fermerlərin dəyən zərəri kompensasiya etmək üçün tədbirlər görülməlidir. Kənd Təsərrüfatı Nazirliyinin sığorta proqramı mövcuddur və prinsip etibarilə işlək sistemdir. Bir çox fermer ya bu barədə məlumatlı deyil, ya da müxtəlif səbəblərdən sahələrini sığortalamır və bu da problemləri artırır. Vətəndaşlara təsirə gəlincə, əgər çiçəklənmə dövründə meyvə və tərəvəzə zərər dəyərsə, bu, sonradan məhsul azalması kimi bazarda özünü göstərir. Nəticədə yay aylarında meyvə və tərəvəz qiymətlərində ötən illə müqayisədə artım müşahidə oluna bilər. Hazırkı inflyasiya səviyyəsi də nəzərə alınsa, təxminən 6 faizə yaxınlaşır. Bu faktorlarla birlikdə yay aylarında bazarlarda keçən ilə nisbətən daha bahalı meyvə və tərəvəzlərlə qarşılaşmaq ehtimalı yüksəkdir”.