Вернуться назад Распечатать

Bona Dea-da daha bir məhkəmə qalmaqalı - Neyrocərrah xəstə ailəsini və KİV-i məhkəməyə verdi

LİV Bona Dea Hospitalının həkimi, tanınmış neyrocərrah Tural Rəhimli ötən il baş verən pasiyent ölümü ilə bağlı açıqlamalara görə mərhumun qızı Lamiyə Quliyeva, eləcə də Baku TV və Xəzər TV-ni məhkəməyə verib.

1xeber.media Medichina.az-a istinadla xəbər verir ki, iddia “işgüzar nüfuzun müdafiəsi və mənəvi ziyanın ödənilməsi” ilə bağlıdır. İşə Bakı şəhəri Nizami Rayon Məhkəməsində baxılır.
Məhkəmə prosesində Tural Rəhimli bildirib ki, Respublika Diaqnostika Mərkəzində (RDM) çalışdığı dövrdə əməliyyat etdiyi xəstənin sonrakı ağırlaşmaları və ölümündə onun heç bir tibbi səhvi olmayıb.
Xatırladaq ki, mərhum Ziyafət Səfiyeva 12 avqust 2025-ci ildə beynində xoşxassəli şiş diaqnozu ilə əməliyyat olunub. Əməliyyatdan sonra xəstədə kəskin qanaxma baş verib və vəziyyəti ağırlaşıb. İkinci dəfə əməliyyata alınan xəstə bir müddət sonra evə buraxılır. Vəziyyəti yenidən ağırlaşdıqda RDM-in reanimasiyasına yerləşdirilir və sentyabrın 25-də vəfat edir.
Pasiyentin qızı Lamiyə Quliyeva bildirib ki, müalicə və reanimasiya xərcləri üçün klinikaya ümumilikdə 35 min manat ödənilib. Onun sözlərinə görə, qanaxmaya vaxtında nəzarət olunmaması, xəstəyə birbaşa cərrahın deyil, köməkçisinin nəzarət etməsi, vaxtında MRT müayinəsinin aparılmaması və ailəyə dəqiiq, dolğun məlumat verilməməsi səbəbindən məsələni ictimaiyyətə çıxarmağa məcbur olub.
Quliyeva həmçinin iddia edir ki, həkim məsuliyyəti üzərindən ataraq “hara istəyirsiniz, şikayət edin” deyib.
Hadisə ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət edilsə də, cinayət işi açılmayıb.
Bu hadisədən sonra, istintaq dövründə Tural Rəhimli RDM-dən ayrılıb və 2026-cı ildən LİV Bona Dea Hospitalında fəaliyyətini davam etdirir.
Hazırda Berlində yaşayan Lamiyə Quliyeva məhkəməyə verildiyini bu ilin fevralında öyrəndiyini deyir:
“Anamın ölümü ilə bağlı suallarıma nə cərrah, nə komandası heç vaxt düzgün cavab verməyib. Mən şikayətimi mediaya çatdırmışam, bu isə söz və mətbuat azadlığının olduğu ölkələrdə normal praktikadır. Dünyanın heç bir yerində həkim xəstənin şikayətini dinləmək əvəzinə onu məhkəməyə vermir. Bu, həm qanunlara, həm də tibbi etikaya ziddir”.
Növbəti məhkəmə prosesi aprelin 27-də Nizami Rayon Məhkəməsində keçiriləcək və proses ictimaiyyət üçün açıq olacaq.
 
Qeyd edək ki, LİV Bona Dea Hospitalı oxşar məzmunlu iddia ilə“Əli və Nino Kitab Şəbəkəsi”nin rəhbəri Nigar Köçərlini də məhkəməyə vermişdi. Həmin hadisə də cəmiyyətdə geniş rezonans doğurub və ciddi ictimai müzakirələrə səbəb olub.