ABŞ və İran müharibənin dayandırılmasına dair çərçivə sazişinə yaxınlaşır
1xeber.media xəbər verir ki, bu barədə Axios yazıb.
Axios-un müxbiri Barak Ravid X sosial şəbəkəsində yazıb ki, iki amerikalı rəsmisinin sözlərinə görə, çərşənbə axşamı ABŞ və İran danışıqlarda irəliləyiş əldə edərək müharibənin dayandırılmasına dair çərçivə sazişinə daha da yaxınlaşıblar.
Amerikalı rəsmilərdən birinin bildirdiyinə görə, ABŞ prezidenti Donald Trampın danışıqlar qrupu - vitse-prezident Cey Di Vens, xüsusi nümayəndə Stiv Uitkoff və baş müşavir Cared Kuşner - çərşənbə axşamı iranlılarla və vasitəçilərlə telefon danışıqlarını, eləcə də təklif layihələrinin mübadiləsini davam etdirib.
“Onlar əlaqədə idilər və bütün ölkələrlə pərdəarxası danışıqlar aparırdılar, məqsədə isə getdikcə yaxınlaşırlar”, - deyə həmin rəsmi bildirib.
İkinci amerikalı rəsmi də çərşənbə axşamı irəliləyiş əldə olunduğunu təsdiqləyib.
Məlumata görə, yeni üzbəüz danışıqlar raundu yaxın günlərdə - atəşkəs müddəti başa çatmamışdan əvvəl keçirilə bilər. Ancaq dəqiq tarix hələ müəyyənləşdirilməyib.
Ötən həftə Pakistanda keçirilən ilk danışıqlara rəhbərlik etmiş ABŞ-ın vitse-prezidenti Cey Di Vens isə bildirib: “Düşünürəm ki, üz-üzə əyləşdiyimiz insanlar razılaşma əldə etmək istəyirlər. Hazırda gəldiyimiz mərhələdən çox məmnunam”.
ABŞ rəsmiləri qeyd edirlər ki, Donald Trampın İran neftinin ixracını dayandıran dəniz blokadası və ölkədə dərinləşən iqtisadi böhran Tehran üzərində sazişə getmək üçün təzyiqi artırır.
Rəsmilərdən biri bunu belə ifadə edib: “İranda pul yoxdur. Onlar müflis olublar. Biz bunu bilirik. Onlar da bilirlər ki, bizim bundan xəbərimiz var”.
Əgər çərçivə sazişi əldə olunarsa, hərtərəfli razılaşmanın detallarının uzlaşdırılması üçün atəşkəs rejiminin uzadılması lazım gələcək.
Amerikalı rəsmi vurğulayıb: “Detallar mürəkkəbdir - bunu iki günə həll etmək mümkün deyil”.
Bununla belə, ABŞ hələlik atəşkəsin uzadılmasına rəsmi şəkildə razılıq verməyib.