Akademik Zərifə xanım Əliyevanın anım günüdür. Azərbaycan oftalmologiyasının
inkişafı Zərifə xanım Əliyevanın adı ilə bağlıdır. 1949-cu ildən başlayaraq Zərifə Əliyeva
Azərbaycan Elmi-Tədqiqat Göz Xəstəlikləri İnstitutunda elmi işçi kimi fəaliyyətə başlayır, 1950-
ci ildə isə aspiranturaya daxil olur, praktik əməli həkim fəaliyyəti ilə yanaşı elmi axtarışlarını
davam etdirir. 1960-1967-ci illərdə Zərifə xanım Oftalmologiya İnstitutunda böyük elmi işçi
vəzifəsində çalışmışdır. 1963-cü ildə SSRİ Ali Attestasiya Komissiyası ona “Oftalmologiya”
ixtisası üzrə böyük elmi işçi adı vermişdir. XX əsrin qırxıncı illərinin sonunda Azərbaycanda
gözü zədələyən və ağır nəticəyə, hətta tam korluğa səbəb olan traxoma infeksion xəstəliyi
geniş yayılmışdı. Ona görə də bu infeksiya və onun ağır nəticələri ilə effektiv mübarizə təkcə
oftalmologiya elmi üçün deyil, bütövlükdə respublikanın səhiyyəsi üçün mühüm əhəmiyyət
daşıyırdı. Belə bir dövrdə Zərifə xanım traxoma xəstəliyinə qarşı aparılan müalicəvi və
profilaktik tədbirlərin təşkilində və keçirilməsində fəal iştirak edir, Azərbaycanda traxoma
xəstəliyinin daha geniş yayıldığı rayonlara gedir, həkim-oftalmoloqlara məruzələr oxuyur.
Zərifə xanım Əliyeva traxoma ilə yanaşı, qlaukoma xəstəliyinin öyrənilməsi ilə bağlı bir sıra
tədqiqat işləri aparır. Həmin tədqiqatların nəticələrindən bəhs edən elmi işlərin mətbuatda dərc
olunması klinik göz xəstəliyi sahəsində çalışan həkimlərin biliklərinin genişlənməsinə kömək
etdi. Uğurlu tədqiqatların nəticələri Zərifə Əliyevanın 1960-cı ildə müdafiə etdiyi “Traxomanın
digər terapiya üsulları ilə birlikdə sintomisinlə müalicəsi” mövzusunda namizədlik
dissertasiyanın əsasını təşkil etmişdir. Traxomanın sosial xəstəlik kimi ləğv olunması məhz
Zərifə xanımın adı ilə bağlıdır. Bu sahə üzrə ixtisaslaşaraq, elmlər namizədi dərəcəsinə
yüksələn Zərifə xanımın təklif etdiyi müalicə metodu tezliklə bütün respublikada tətbiq edilir və
ölkəmiz bu xəstəlikdən xilas olur.
İnsanlara sevgi, mərhəmət, xeyirxahlıq, humanistlik kimi ali dəyərləri fəaliyyəti ilə
bütövləşdirən Zərifə xanım Əliyeva böyük insanlıq zirvəsinə ucaldı. Məhz bu sevgi, həmçinin
ona müraciət edən hər bir xəstənin ümidlərini doğrultmaq, sağlamlıqlarını bərpa edərək həyata
yenidən bağlamaq istəyi bir həkim olaraq üzərinə düşən vəzifəni yüksək səviyyədə yerinə
yetirməyə, elmin sirrlərini daha dərindən öyrənməyə, yeni araşdırmalar aparmaqla göz
xəstəliklərinin yeni müalicə üsullarının aşkarlamasına çağırış etdi. Onu tanıyanlar bu məqamı
xüsusi qeyd edirlər ki, Zərifə xanım həyatsevər, yorulmaq bilməyən, yeniliklərə maraq
göstərən, fədakar, qayğıkeş həkim kimi hər kəsin sevimlisinə çevrilmişdir. Zərifə xanım
gözlərə nur verməklə yaşadığı illərdə daha işıqlı izlər qoydu, sağlığında hər bir insanın
qəlbində abidə ucaltdı.
Zərifə xanımın elmi fəaliyyətini nəzərdən keçirdikdə oftalmologiya tarixinə zəngin
səhifələr yazdığını böyük qürurla deyirik. Alim öz tədqiqatlarında oftalmologiyanın bir sıra
aktual məsələlərinə xüsusi diqqət yetirirdi: diaqnostika, qlaukomanın və görmə orqanının
iltihabının müalicəsi və s. Onun diqqətini oftalmologiyanın elmi cəhətdən az araşdırılmış
sahəsi – görmə orqanının patologiyası cəlb edir. Bu problemin aktuallığı yalnız kimya və
elektronika sənayesinin geniş inkişafı ilə yox, həm də bir çox yeni kimyəvi birləşmələrin görmə
orqanına təsirinin demək olar ki, elmi şəkildə tədqiq olunmaması ilə əlaqədar idi. Çoxillik
müşahidələrin, klinik tədqiqatların və eksperimentlərin nəticələri Zərifə xanım Əliyevanın
doktorluq dissertasiyanın əsasını təşkil etmişdir. O, “Azərbaycanın bir sıra kimya müəssisələri
işçilərinin görmə orqanının vəziyyəti” mövzusunda yazdığı dissertasiya işini dünyanın ən
nüfuzlu oftalmologiya mərkəzlərindən birində – H.Helmqolts adına Moskva Elmi-Tədqiqat Göz
Xəstəlikləri İnstitutunda müdafiə etmişdir. Zərifə xanım Əliyevanın dissertasiya işi alim-
oftalmoloqların yüksək qiymətini almış, oftalmologiyanın bu sahəsində ilk işlərdən biri
olmuşdur. 1977-ci ildə Zərifə Əliyevaya tibb elmləri doktoru elmi dərəcəsi verilmişdir.
Doktorluq dissertasiyasını müdafiə etdikdən sonra Zərifə xanım Azərbaycan Dövlət Həkimləri
Təkmilləşdirmə İnstitutunun Oftalmologiya kafedrasının professoru seçilir, 1983-cü ildə isə
həmin kafedranın müdiri olur. Bundan sonra onun fəaliyyəti daha da genişləndi.
Zərifə xanım Əliyeva fundamental “Terapevtik oftalmologiya” kitabının müəlliflərindən
biridir. Bu kitab indi də hər bir oftalmoloq üçün stolüstü kitab olaraq qalır. O, 150-yə yaxın elmi
əsərin, 12 monoqrafiyanın, dərslik və dərs vəsaitlərinin, 1 ixtira, 12 səmərələşdirici təklifin
müəllifi və həmmüəllifi olmuşdur. 1981-ci ildə oftalmologiyanın inkişafına verdiyi böyük töhfəyə
– görmə orqanının peşə patologiyası sahəsində apardığı elmi tədqiqatlara görə professor
Zərifə Əliyeva oftalmologiya aləmində ən yüksək mükafata – SSRİ Tibb Elmləri
Akademiyasının akademik M.İ.Averbax adına mükafatına layiq görüldü. O, M.İ.Averbax adına
mükafata layiq görülmüş ilk azərbaycanlı qadındır.
Elbrus Əhmədov,
Sabirabad RİH başçısının Nizami kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi