Azərbaycan tibb elminin inkişafında mühüm rol oynamış, oftalmologiya sahəsini dünya
miqyasında tanıdan görkəmli alim, akademik Zərifə xanım Əliyevanın anım günüdür. Onun
elmi fəaliyyəti, pedaqoji xidməti və yüksək mənəvi keyfiyyətləri bu gün də səhiyyə ictimaiyyəti
üçün örnək olaraq qalır.
Zərifə xanım Əliyeva həkimlərin peşəkar səviyyəsinin yüksəldilməsi və səhiyyə
sistemində kadr hazırlığının gücləndirilməsi istiqamətində böyük zəhmət sərf edib. Onun
rəhbərliyi ilə oftalmologiya sahəsində yeni alim və həkim nəsli formalaşıb. Gənc mütəxəssislər
onun zəngin bilik və təcrübəsindən faydalanaraq peşəkar inkişaf yolunda mühüm addımlar
atıblar.
Alimin elmi irsi olduqca genişdir. O, yüzlərlə elmi məqalənin, monoqrafiyaların, dərslik
və dərs vəsaitlərinin müəllifi və həmmüəllifi olub. Eyni zamanda, innovativ yanaşmaları ilə tibb
elminə yeni töhfələr verib, bir sıra ixtira və səmərələşdirici təkliflərlə çıxış edib. Onun rəhbərliyi
altında çoxsaylı elmlər doktorları və fəlsəfə doktorları yetişərək Azərbaycan elminin inkişafına
öz töhfələrini veriblər.
Zərifə Əliyeva yalnız böyük alim kimi deyil, həm də yüksək insani keyfiyyətlərə malik
şəxsiyyət kimi tanınıb. Onun humanizmi, xəstələrə qayğıkeş münasibəti, həmkarlarına və
tələbələrinə göstərdiyi diqqət cəmiyyətdə ona dərin hörmət qazandırıb. O, Azərbaycan
qadınının ziyalılıq və mənəviyyat simvoluna çevrilib.
Bu gün də onun elmi əsərləri oftalmologiya sahəsində çalışan mütəxəssislər və
tələbələr üçün dəyərli mənbə olaraq qalır. Zərifə xanımın fəaliyyəti yalnız elmi nailiyyətlərlə
məhdudlaşmayıb, o, eyni zamanda səhiyyə sisteminin davamlı inkişafına xidmət edən
kadrların yetişdirilməsinə xüsusi diqqət yetirib.
Görkəmli alim həm də nümunəvi ailə başçısı idi. O, Ulu Öndər Heydər Əliyev üçün
etibarlı mənəvi dayaq olub, ailəsində yüksək dəyərlərə əsaslanan mühit formalaşdırıb.
Prezident İlham Əliyev isə anası haqqında hər zaman dərin ehtiramla danışaraq, onun həm
böyük alim, həm də fədakar ana olduğunu vurğulayıb.
Bu gün akademik Zərifə Əliyevanın adı Azərbaycan tibb tarixində qürurla çəkilir. Onun
zəngin irsi, elmi nailiyyətləri və mənəvi dəyərləri gələcək nəsillər üçün örnəkdir.
Firəngiz Cəfərova,
Sabirabad rayonu Nizami kənd uşaq bağçasının müdiri