Вернуться назад Распечатать

18 gündür infarkt keçirən Nərgiz türmədə ağır durumda...

Zəncan həbsxanasında saxlanılan Güney azərbaycanlı hüquq müdafiəçisi və Nobel Sülh Mükafatı laureatı Nərgiz Məhəmmədinin həyatı təhlükədədir.

1xeber.media  xəbər verir ki, bu barədə Nərgiz Məhəmmədi Fondunun bəyanatında bildirilib.

Bəyanatda bir müddət əvvəl infarkt keçirən hüquq müdafiəçisinin müayinə, müalicə və dərmanla təmin olunması hüququndan məhrum edildiyi bildirilib.

Həmçinin onun həbsxanada ağır cinayətlər törətmiş məhkumlarla bir yerdə saxlanıldığı, bir neçə dəfə təhdid və fiziki təzyiqlərlə üzləşdiyi qeyd olunub.

“124 gündür həbsdə saxlanılan Nərgiz Məhəmmədinin vəziyyəti daha da ağırlaşıb, arıqlayıb və hərəkət qabiliyyəti əhəmiyyətli dərəcədə azalb”, - həbsxanada Məhəmmədini ziyarət edən qardaşı Həmidrza Məhəmmədi deyib.

Nərgiz Fondu hüquq müdafiəçisinin taleyi ilə bağlı müraciətlərin cavabsız qaldığını, Zəncan Kəşfiyyat İdarəsinin məsuliyyəti öz üzərinə götürməkdən imtina etdiyini və Tehran Kəşfiyyat İdarəsinin sorğulara cavab vermədiyini bəyan edib.

Məhəmmədi ailəsinin sözlərinə görə, məhkəmə orqanları və məhkəmə-tibbi ekspertiza qrupu ilə görüşlərə baxmayaraq, hüquq müdafiəçisi lazımi tibbi müalicə almadan həbsxanada saxlanılır.

Qeyd edək ki, Nərgiz Məhəmmədi martın 29-da qadın bölməsində infarkt keçirib və huşunu itirib, həbsxananın xəstəxanasına köçürülüb. İran qanunlarına görə, bu vəziyyətdə olan xəstələri müalicə məzuniyyətinə göndərmək mümkündür. Ailəsinin dəfələrlə müraciət etməsinə baxmayaraq, məhkəmə və təhlükəsizlik orqanları N.Məhəmmədinin ailəsinin bu tələblərini rədd edib.

İnfarkt keçirməmişdən öncə də ailəsi sağlıq durumunun kritik olduğunu bildirərək, onun tam təchizatlı xəstəxanaya göndərilməsini tələb etmişdi. Lakin ailənin bu tələbi də rədd edilmişdi.

Qeyd edək ki, Nərgiz Məhəmmədi ötən il dekabrın 12-də ofisində ölü tapılan vəkil Xosrov Alikürdünün xatirəsinə Məşhəddə təşkil edilən mərasimdə bir neçə digər fəalla birlikdə həbs edilib.