“Bu yaxınlarda teatrın direktorunun müsahibəsi yayımlandı və o, opera və balet sənəti nümayəndələrinin ciddi iradlarına cavab verməyə çalışır. Hesab edirəm ki, peşəkar fəaliyyətimlə bağlı bir sıra açıqlamalara münasibət bildirmək zəruridir".
1xeber.media “Yeni Sabah”-a istinadla xəbər verir ki, bunu Xalq artisti, Azərbaycan Dövlət Opera və Balet Teatrının prima balerinası Kamilla Hüseynova bildirib.
O, məsələ ilə bağlı bir sıra məqamlara aydınlıq gətirib:
“Mən teatr sənətinə uzun illər həsr etmişəm – kordebalet artistindən səhnə ustasına qədər bir yol keçmişəm. 2016-cı ildən etibarən balet truppasının rəhbəri vəzifəsini tutmuşam. 2017-ci ildə isə bir çox hörmətli mütəxəssisin bunun tez olduğunu və tamaşaçını hələ uzun illər sevindirə biləcəyimi deməsinə baxmayaraq, səhnə fəaliyyətimi başa vurdum.
Bu, mənim üçün çətin, lakin düşünülmüş bir qərar idi. Hesab edirdim ki, truppaya rəhbərlik edərək eyni zamanda səhnədə çıxış etmək və mahiyyət etibarilə rolları özümə təyin etmək etik deyil.
Yeni rəhbərlik gəldikdən sonra mənə son dərəcə qeyri-korrekt formada bildirildi ki, guya tutduğum vəzifə mövcud olmayıb, çünki “müvafiq sənədlər yoxdur”. Məntiqi sual yaranır: 2016-cı ildən etibarən Maliyyə Nazirliyi və Mədəniyyət Nazirliyinin mühasibatlığı vasitəsilə mənə balet rəhbəri kimi əməkhaqqı hansı əsasla ödənilirdi? Bu vəzifə üzrə vergilər hansı sənədlərə əsasən tutulurdu? Yoxsa əməkhaqqı şifahi razılaşmalar əsasında verilir?
Əlavə etmək istəyirəm ki, rəsmi sənəd sayılan, Mədəniyyət Nazirliyində təsdiqlənən və nazirliyin loqosu ilə dərc olunan balet tamaşalarının afişalarında balet truppasının rəhbəri kimi göstərilmişəm.
Akademik Opera və Balet Teatrının direktorundan gələn bu cür izahlar, yumşaq desək, ciddi görünmür.
Məhkəməyə müraciət etməməyimə gəlincə, bəli, mən bunu şüurlu şəkildə etmədim, çünki teatrdan öz istəyimlə ayrıldım. Nə tərbiyəm, nə də həyat prinsiplərim mənə qeyri-korrekt və təhqiredici münasibət göstərən insanların rəhbərliyi altında işləməyə imkan verərdi. Belə hallarda iki yol var: ya münaqişə səviyyəsinə enmək — ki, bu mənim üçün qəbuledilməzdir, — ya da getmək. Bu məsələdə vəzifənin heç bir əhəmiyyəti yoxdur”.
Xalq artisti bildirib ki, direktor müavinlərinin təyinatları peşəkarlıq prinsipinə əsaslanmır:
“2023-cü ildə qəbul edilən kadr qərarları ayrıca müzakirə mövzusudur. Fikrimcə, direktor müavinlərinin təyinatı nə peşəkarlıq, nə də obyektivlik prinsiplərinə əsaslanıb.
“Baletdə yalnız onu tanıyıram, ona görə də o mənim müavinim olacaq” və ya “uzun illərdir dostuq, ona güvənirəm” kimi yanaşmalar bu cür məsuliyyətli vəzifələr üçün əsas ola bilməz. Lakin görünən odur ki, direktor məhz bu prinsipləri rəhbər tutub.
Teatrın idarə olunması faktiki olaraq bu şəxslərə həvalə olunmuşdu, çünki direktorun özü işdə çox az hallarda olurdu. Bu isə haqlı sual doğurur: bəs sonradan həmin şəxslər hansı səbəblərlə tutduqları vəzifələrdən azad olundular?”
Kamilla Hüseynova qeyd edib ki, tamaşaçının maraq göstərdiyi tamaşaları repertuardan çıxarmaq teatrın və onun auditoriyasının maraqlarına ziddir:
“Eyvazovun direktor təyin olunduğu vaxt repertuarda mənim yalnız bir tamaşam — “Dahi hekayəçi” qalırdı və onun premyerası hələ Eyvazovun gəlişindən əvvəl planlaşdırılmışdı. Digər tamaşalarım repertuara daxil edilmədi.
Üstəlik, tamaşaları repertuardan çıxarmazdan əvvəl direktor onları izləməyi belə lazım bilmədi. Bunu yoxlamaq çətin deyil — sadəcə 2023-cü ilin mart ayının ortalarından etibarən teatrın repertuarına baxmaq kifayətdir.
Şübhəsiz ki, repertuar məsələsini teatr daxilində bədii şura müəyyən edir. Lakin tamaşaçı tərəfindən tələb olunan, dolu zallar toplayan tamaşa repertuardan çıxarılmağa layiq deyil. Əlbəttə, iradlar, düzəlişlər ola bilər — yaradıcı proses davamlıdır. Amma tamaşaçının maraq göstərdiyi tamaşaları repertuardan çıxarmaq teatrın və onun auditoriyasının maraqlarına ziddir”.
Balerina hazırda akademik teatrda baş verənlərin yaradıcı kollektivləri tədricən zəifləməsinə gətirib çıxarırdığını bildirib:
“Teatr binasının təmirə ehtiyacı olduğu Eyvazovun təyinatından xeyli əvvəl məlum idi. Müvafiq qurumların qərarı heç kəsi təəccübləndirmədi.
Lakin dünyada qəbul olunmuş bir təcrübə var: akademik teatr təmirə bağlanmazdan əvvəl alternativ daimi səhnə yaradılır. Bu, opera və balet kollektivlərinin fəaliyyətini davam etdirməsi, repertuar tamaşalarını həftədə bir neçə dəfə təqdim edə bilməsi üçün vacibdir.
Bu, bütün dünyada tətbiq olunan bir yanaşmadır və bunu yoxlamaq çətin deyil.
Hazırda akademik teatrda baş verənlər isə, təəssüf ki, yaradıcı kollektivlərin tədricən zəifləməsinə gətirib çıxarır. Nəticə olaraq, yüksək vəzifə tutan bir şəxsin dilindən açıq-aşkar həqiqətə uyğun olmayan məlumatların səsləndirilməsi məndə ciddi narahatlıq doğurur. Bu, dərin təəssüf hissi yaradır”.